Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (29-08-2016, 10:29)
“Bank-kredit sisteminin bugünkü vəziyyətinin əsas günahkarı Mərkəzi Bankdır”

 “Bank-kredit sisteminin bugünkü vəziyyətinin əsas günahkarı Mərkəzi Bankdır”

Əkrəm Həsənov: “Bizim bank qanunvericiliyi istehlakçıların hüquqları baxımından hazırlanmayıb”

 

Mediatv.az:  Azərbaycanın bank və maliyyə sisteminin iflas həddinə çatdığı bir vaxtda ekspertlər bu problemlərdən çıxış yolunu axtarır. Qeyd olunur ki, problemin kökü məhz bank sektorundakı qanunsuzluqlarda və yanlış idarəetmədədir. Budəfəki müsahibimiz hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənovla da bank sektorundakı problemlərdən danışdıq. 
 
- Əkrəm bəy, iqtisadçı və hüquqşünas olaraq, Azərbaycan bank sektorunda hansı qanunsuzluqları müşahidə etmisiniz? Və qanunlarda bu durumun yaranmasına səbəb olan  hansı boşluqlar var? 
 
- Bu haqda danışmaq mənə bir qədər çətindir. Çünki Mərkəzi Bankda  çalışdığım zaman qanunvericilik şöbəsinin  rəisi olmuşam, bank qanunvericiliyini işləyib hazırlayan adamlardan biri olmuşam. Bəzi qanunları sırf mən hazırlamışam. Məsələn, 2004-cü ildə qəbul olunan “Mərkəzi Bank haqqında” qanunu özüm yazmışam, sonradan müzakirə olunub və qəbul olunub. “Banklar haqqında” qanunu mən yazmasam da, hazırlanmasında iştirak etmişəm. Hesab edirəm ki, qanunlarla bağlı birinci problem köhnəlmə problemidir. O zaman biz o qanunları yazanda düşünürdük ki, ən mütərəqqi qanunları yazırıq. Mən 2011-ci ildə dərc etdiyim kitabımda da yazmışdım ki, bank qanunvericiliyimizin bu dərəcədə zəif olmasında mənim də günahım var. Ancaq səbəb odur ki, bank sektoru yerində saymır, inkişaf edir, hər şey günbəgün dəyişir. Həm sektor dəyişir, həm də biz biliklərimizi artırdıqca görürük ki, filan maddə belə olsaydı, daha yaxşı olardı. O qanunların üstündən 12 il keçib və mütləq yenilənməlidir. Bu qanunların birinci problemidir. İkinci problem, bank qanunvericiliyinin özündə olmasa da, Mülki Məcəllədə bank münasibətləri ilə bağlı olan fəsillərdədir. Mülki Məcəllədə 3 fəsil var ki, sırf bank münasibətləri ilə bağlıdır. Bunlar “Bank əmanəti”,  “Bank hesabı”, “Borc” fəsilləridir. Bu Məcəllə 1999-cu ildə qəbul olunub. Ancaq indiyə kimi bir dənə dəyişiklik olmayıb. Digər ikisi pis olmasa da, “Borc” fəsli bərbad gündədir. Orada çoxlu boşluqlar, ziddiyyətlər var. Bəzi müddəalar var ki, mənasını başa düşmək olmur. Bunun səbəbi odur ki, həmin fəsillər alman qanunlarından götürülüb və tərcüməsində də səhvlər olub. Cümləni Azərbaycan dilində oxuyursan, ancaq mənasını anlamırsan ki, bunlar burada nə demək istəyir. Yalnız alman dilində olan variantını götürüb baxanda anlayırsan ki, maddənin mənası nədir. Belə qanun olmaz axı... Qanunvericilikdəki bir çox maddələrin elmi əsası yoxdur. Ən böyük problemlərdən biri odur ki, bizim bank qanunvericiliyi istehlakçıların hüquqları  baxımından hazırlanmayıb. Bütün  Avropa ölkələrində bank sahəsi üzrə qanunvericilikdə əsas vurğu istehlakçıların üzərindədir. Bizdə isə belə deyil. Maliyyə  xidmətləri istehlakçılarının hüquqları lazımınca qorunmur. 
 
- Həmin qanunların dəyişdirilməsi üçün nə vaxtsa hökumətə təkliflər vermisinizmi?
- Bəli, 2013-cü ildə almanların GİS təşkilatı mənə təklif etdi ki, Mülki Məcəllənin 37-ci “Borc” fəslini istehlakçıların hüquqlarını əsas götürərək yenidən hazırlayım. Mən bir alman professoru ilə bərabər 2014-cü ilin ortalarına qədər o layihə üzərində işlədik və Mülki Məcəllənin “Borc” fəslini yenidən yazdıq. Həmin fəslin həcmi də bugünkindən 5 dəfə böyük oldu, sırf ona görə ki, istehlakçıların hüquqları tam əksini tapsın. Həmin layihə 2014-cü ilin sonunda GİS təşkilatı tərəfindən Azərbaycan Prezident Adminstrasiyasına təqdim olundu, bəyənildi və Nazirlər Kabinetinə göndərildi. Nazirlər Kabineti isə layihəni Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Mərkəzi Banka, İqtisadiyyat Nazirliyinə göndərdi. Bir il ərzində layihə haqqında heç bir məlumat olmadı. Yalnız ötən il Ədliyyə Nazirliyindən cavab verildi ki, layihə ümumən bəyənilib. Üzərində bəzi dəyişikliklər etdilər, göndərdilər mən bir də baxdım. Yenə də, bir ilə yaxındır ki, layihə haqqında heç bir səs-soraq yoxdur. Həmin layihə istehlakçıların hüquqları ilə bərabər bankların da hüquqlarını qoruyur. Lakin məndə məlumat var ki, banklar o layihənin qəbul olunmasına imkan vermirlər.
 
- Bəs, bu gün problemli kreditlərin həcminin 1,5 milyard manatı ötməsinin əsas səbəbləri nələrdi?
- Bunun əsasən 3 səbəbi var. Birincisi, qanunlarda olan boşluqlar və qanunların tətbiq edilməməsidir. Ancaq bu əsas səbəb deyil. Azərbaycanda  bank-kredit sisteminin bugünki vəziyyətinin əsas günahkarı 1992-ci ilin fevralın 1-də yaradılan Mərkəzi Bankdır. Üçüncü səbəb isə banklardır. 
- Mərkəzi Bank hansı səbəblərə görə günahkardır? 
-Birincisi ona görə ki, Mərkəzi Bankın pul siyasəti düzgün deyil. Bu gün Mərkəzi Bankın əlində qalan yeganə siyasət də pul siyasətidir.  Bundan əvvəl, bu ilin mart ayınadək bank nəzarəti səlahiyyəti də var idi. Konstitusiyaya görə, Mərkəzi Bank Azərbaycanda milli valyuta olan manatın emissiyası üzrə müstəsna səlahiyyətə malikdir. Azərbaycanda pulu Mərkəzi Bank buraxır, nə qədər istəyirsə, o qədər buraxır. O baxımdan Mərkəzi Bank manatın bazarda dəyərli olmasına cavabdehdir. Mərkəzi Bank çalışmalıdır ki, milli valyuta dəyərdən düşməsin, inflyasiya olmasın və devalvasiya olmasın. Bizdə isə son 10 ildə nə baş verir? Mərkəzi Bank sanki ölkədə manatın avtoritetini qorumur. Bu qurumun əsas funksiyalarından biri də banklara milli valyutada borc  verməkdir. Banklar da o puldan istifadə edib sahibkarlara, əhaliyə  kredit verməlidir. Mərkəzi Bank bunu etmir, bəzi banklara kredit verir, bəzilərinə isə yox. Bu qurum uçot dərəsinə uyğun olaraq banklara yalnız manatla kredit verə bilər. Bu gün üçün uçot dərəcəsi 9,5 faiz təşkil edir, ancaq uzun illər uçot dərəcəsi 3 faiz idi. Təsəvvür edin ki, Mərkəzi Bank banklara krediti 3 faizlə verir, banklar isə onu əhaliyə 25 faizlə verir. Fərq   çox böyükdür. Bunun da  əsas səbəbləri odur ki, Mərkəzi Bank bu kreditləri az verirdi, bütün banklara da vermirdi. Banklarda pul çatmırdı və onlar da məcbur olub krediti xarici banklardan dollarla götürürdülər.O səbəbdən banklar da əhaliyə krediti dollarla verirdi. Təbii ki, manatla götürsəydi, manatla da verərdi. 

Kreditlərin böyük bir hissəsini banklar öz yaxın adamlarına verirdilər və bilirdilər ki, o pul qayıtmayacaq”

Digər ölkələrdə də devalvasiya oldu, ancaq nəticələri Azərbaycanda qədər ağır olmadı. Çünki onlarda bu qədər dollarla kredit yox idi. Azərbaycanda isə hamının krediti dollarla idi, bankların da xarici banklara krediti dollarla idi. O baxımdan devalvasiyadan  ən ağır zərbəni alan banklar oldu. Bəziləri deyir ki, Elman Rüstəmov peşəkar bankirdir, devalvasiyanı o etmədi və sair. Lap tutaq ki, devalvasiya fikri Elman Rüstəmovun deyildi, amma devalvasiyanın nəticələrinin ağır olmasına görə məsuliyyət ondadır. Əgər o, vaxtında manat krediti versəydi, nəticə belə olmazdı. 
- Xarici təcrübədə bu proses necə tənzimlənir?
- Xarici  ölkələrdə Mərkəzi Bank banklara milli  valyuta ilə kredit verəndə məqsədi banklara kömək etmək deyil, dövriyyədə milli valyutanı kifayət qədər təmin etməkdir. Bu, pul siyasətidir. Mərkəzi Bank görəndə ki, dövriyyədə pul azdır, başlayır banklara kredit verməyə. Mərkəzi Bank üçün maraqlı olmamalıdır ki, pulu hansı banklara verir. O bütün banklara proporsional qaydada verməlidir, aktivlərinin sayına görə, kapitalına görə və sair. Veriləcək pulun banklar arasında bölünməsinin də prinsipi olmalıdır, ancaq  bütün banklara pul verilməlidir. Azərbaycanda isə Mərkəzi Bank heç də bütün banklara kredit vermir.   Burada məntiqsizlik var. Çünki Mərkəzi Bank banklara lisenziya verir, bu isə o deməkdir ki, banklara əhalidən əmanətlər toplamağa icazə  verir. Deməli, sən o banka əhalidən əmanətləri yığmaq üçün etibar edirsən, ancaq öz pulunu etibar etmirsən? Ona görə ki, burada başqa məqsədlər var. Avropada bu sistem ona görədir ki, korrupsiya olmasın. Mərkəzi Bank istədiyi banka kredit verəndə, korrupsiya ortaya çıxır. Burada şapka, tanışlıq və sair dövriyyəyə girir. Ancaq o bütün banklara kredit vermiş olsaydı, korrupsiyaya yer qalmazdı.
- Kredit faizlərinin bu dərəcədə yüksək olmasında Mərkəzi Bankın da payı varmı?
- Bank ictimaiyyətində hamı bilir ki, Mərkəzi Bankdan kreditləri uçot dərəcəsinə görə almaq mümkün deyil. Üstündə mütləq şapka olmalıdır. Banklara kredit baha başa gəldiyi üçün əhaliyə də yüksək faizlərlə verirdilər. Azərbaycanda kreditlər adətən necə verilir?  Deməli hansısa sahibkara pul lazım olur, Ancaq Mərkəzi Bankdan krediti ancaq banklar götürə bilər deyə, oraya əli çatmır. Həmin sahibkar  gedib Mərkəzi Bankla danışır, AMB həmin pulu hansısa banka köçürür, sahibkar da həmin bankdan götürür.   Həmin şəxs  girovunu banka qoyur, sonra da Mərkəzi Bankdan götürdüyü kreditin yerinə oraya qoyulur. Bunu müəyyən etmək çətin deyil. Əgər Mərkəzi Bankda yoxlama aparılsa, ortaya çıxacaq ki, banklar tərəfindən girov qoyulan əmlak başqa şəxslərindir.
- Deməli, Mərkəzi Bankın verdiyi kreditlərdə məqsəd banka pul ayırmaq olmayıb, hansısa sahibkara kredit vermək olub?  
- Bəli, bu, qanunsuzluqdur. Mərkəzi Bank Azərbaycanda yeganə dövlət orqanıdır ki, onun fəaliyyətinin yoxlanması olmayıb. 1992-ci ildən bu yana dövlət tərəfindən  AMB-də yoxlama olmayıb, yalnız audit  şirkəti tərəfindən yoxlama olub. Auditor da tam yoxlama deyil. Qanunun boşluğu da budur.  Ən azı Hesablama Palatasına bu yoxlama səlahiyyəti verilməli idi. Mən o zaman Mərkəzi Bank haqqında qanunu yazanda təxminən 40 ölkənin qanunlarını öyrənmişdim, yoxlama ilə bağlı müddəaya gələndə mənə dedilər ki, bu doğru deyil. Buna görə də, Mərkəzi Bankın işi yoxlanılmır ki, kreditləri kimə və necə gəldi verir. 
- Bəs, yaranmış durumda bankların məsuliyyəti nədir
-  Bankların da çox böyük günahları var. Birincisi , idarəetmə sistemi çox bərbaddır, müasir deyil. İkincisi isə, bank sistemində korrupsiya var. Kreditlər şapka ilə verilir. Ən əsas problem isə odur ki, kreditlərin böyük bir hissəsini banklar öz yaxın adamlarına və ya özlərinə məxsus başqa adda olan şirkətlərə veriblər.  O kreditləri verərkən də biliblər ki, həmin pul qayıtmayacaq. Həmi kreditlərin faizləri də çox aşağı olur. Yəni problemli kreditləri yaradanlar elə bank sahibləridir. Əvvəllər banklar əhalidən qazandıqları ilə həmin borcları da bağlayırdılar, ancaq indi heç kim ödəyə bilmədiyinə görə bu problem üzə çıxdı.
 
- Bəs, prosesdə Maliyyə Bazarlarına Nəzarət Palatısının işini necə qiymətləndirirsiniz?
- Mən bu qurumun yaradılmasını alqışlayıram. Lakin onun işləməsi üçün şərait yaratmaq lazımdır. Əvvəlcə Mərkəzi Bankın rəhbərini dəyişmək lazımdır. Ona görə yox ki, o, pisdir. Sadəcə, 20 ildir vəzifədədir, banklarla qohumluq münasibətləri, tanışlığı, öhdəlikləri var. Ona görə Palataya heç nə etməyə imkan verməyəcəklər. Palatanın tam fəaliyyət göstərməsi üçün elə bir şərait yaratmaq lazımdır ki, digər dövlət qurumları mane olmasın. Bu gün  Mərkəzi Bank Palatanın işləməsinə imkan vermir. Bu da anlaşılandır. Digər bir məsələ odur ki, Palata dövlət qurumu deyil və büdcədən 1 qəpik də almır, ona pul banklardan gəlir, banklar  bir növ üzvlük haqqı  verirlər. Bu mənada Palata banklardan asılıdır. Belə xarici təcrübə var, lakin bu Azərbaycan təcrübəsində işləməyəcək. Yaxşı olar ki, Palatanın banklardan maliyyə asılılığı olmasın. (musavat.com)

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024