Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (20-09-2018, 10:29)
Azərbaycanın ilk qadın bəstəkar, rəssam, müğənni və aktrisası - TARİXÇƏ

Azərbaycanın ilk qadın bəstəkar, rəssam, müğənni və aktrisası - TARİXÇƏ

 

Azərbaycan xalqı, Azərbaycan türkləri hər zaman istedadlı, fəxr və qürur duyulası övladları ilə seçilib, tanınıb, fərqlənib. Xüsusilə də, ötən əsrdə Azərbaycanın bir çox layiqli oğul və qızları nəinki Azərbaycan tarixində, ümumiyyətlə, əhatəsində olduğu coğrafiyada, Şərq-müsəlman aləmində, türk dünyasında bir çox ilklərə imza atıb.

Həm özləri tanınıb, şöhrətlənib, həm də xalqlarını, dövlətlərini tanıtdırıb, şöhrətləndiriblər. Bu gün onlardan bir neçəsi - Azərbaycanın ilk qadın aktrisası, ilk qadın (opera) müğənnisi, ilk qadın rəssamı, ilk qadın bəstəkarı və ilk qadın Xalq şairi haqqında danışacağıq.

Düzdür, ötən illər ərzində onlar haqqında yazılıb, deyilib, amma hər halda yaddaşların yenidən təzələnməsinə, xüsusilə gənc nəslin onları tanımasına ehtiyac var.

İlk qadın aktisamız - Şimalda Gövhər, Cənubda Göyərçin...

Azərbaycanın ilk qadın aktrisası 1887-ci ildə Tiflis şəhərində, ziyalı ailəsində anadan olan Gövhər Qazıyeva olub. Orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb.

Onu da qeyd edək ki, XIX əsrin sonu - XX əsrin əvvəlləri Tiflisin teatr mühiti çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti” və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi “Səadət” truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış edir.

İlk qadın aktyorumuzun Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi olur. 1910-cu il oktyabrın 9-da nümayiş etdirilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçir. Həmin ilin oktyabrın 30-da “Səadət” dram dəstəsi Şəmsəddin Saminin “Gaveyi-ahəngər” pyesini tamaşaya qoyur. Tamaşada Xubçöhr rolunda Gövhər Qazıyeva çıxış edir. Gövhər Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayılır, Bakı qəzetləri ona məqalələr həsr edir, “Nicat” cəmiyyəti onu Bakıya çağırır.

Onun repertuarı geniş və əhatəliliyi ilə seçilir. O, Henrix Heynenin “Əlmənsur”, Loxmanovanın “Napoleonun vəfatı”, Namiq Kamalın “Qara bəla” əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynayıb. Həmçinin,  Nəriman Nərimanovun “Nadir şah” pyesində Gülcahan, Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” tamaşasında Hafizə, Zülfüqar Hacıbəyovun “Evliykən subay” əsərində Pərizad obrazlarını canlandırır.

Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Gülnaz, “Leyli və Məcnun”da Leyli rollarının ifa edir. Sonralar dahi aktyorlarımızdan olan Mirzağa Əliyevlə Gövhər Qazıyevanın sənət dostluğu  məhəbbətə çevrilir. 1912-ci ilin mayında onlar evlənib Bakıya köçürlər. Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzağa Əliyev həmin il Həştərxana sürgün olunur, Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya gedir və Varşavada “Müqəddəs Sofiya” tibb məktəbinə daxil olur, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıdır.

Ancaq Mirzağa Əliyevlə Gövhər Qazıyevanın tale yolları ayrıldığı üçün onlar boşanmalı olurlar. Gövhər Qazıyeva ikinci dəfə ərə gedəndən (bir nəfər Cənubi azərbaycanlıya) sonra bir daha səhnəyə çıxmır. 1960-cı ildə Cənubi Azərbaycanda vəfat edən aktrisamız Gövhər kimi yox, Göyərçin adı ilə tanınırmış…

Şövkət Məmmədova Bakı qoçularından canını necə qurtardı?

Çox maraqlıdır ki, Azərbaycan ilk qadın (opera) müğənnisi də Gürcüstan azərbaycanlısı olub. Bu, Tiflis şəhərində kasıb pinəçi ailəsində anadan olan Şövkət Məmmədovadır.

Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edib, milyonçu H.Z.Tağıyevin köməyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O, təhsilini Tiflis musiqi məktəbində davam etdirir. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir bəy Hacıbəylinin “Ər və arvad” operettasından bir neçə parça ifa edir.

Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün istifadə edilməli idi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir. Bakı qoçuları həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Hacıbəylini öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər. Elə bu yerdə xatırladaq ki, bu məqam Üzeyir bəy Hacıbəyliyə həsr olunmuş “Uzun ömrün akkordları” filmində də yer alır.

Və filmdə həmin səhnəni, daha doğrusu, Şövkət Məmmədova obrazını başqa xanım aktrisa canlandırsa da, həmin vaxt başına gələn hadisəni isə artıq xeyli yaşlaşmış Sövkət xanım özü nəql edir. Qeyd edək ki, 1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olur və Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur.

Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-25 illərdə direktoru olur) açılır, not nəşriyyatı təsis edilir. Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta (“Traviata”, C.Verdi) partiyasında çıxış edir, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olur. Həmçinin, qeyd edək ki, Şövkət Məmmədova SSRİ Xalq artisti adına layiq görülən ilk iki azərbaycanlı qadın sənətçidən biridir.

Azərbaycanda çadranı ilk atanlardan biri - ilk qadın bəstəkarımız

Azərbaycanın ilk qadın bəstəkarı isə 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində anadan olan Ağabacı Rzayevadır.

Atası İsmayıl Rzayev ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, tarda çalmağı öz atası məşhur tarzən Mirzə Fərəcdən (1847-1927) öyrənmişdi. Bakıda tarın ilk ifaçısı (alət hələ beş simli idi), gözəl muğamşünas və müəllim kimi tanınmış Mirzə Fərəcin ilk və ən istəkli nəvəsi Ağabacıya da, təbii ki, musiqi istedadı irsən keçir, uşaqlıqdan muğamın sehrinə düşür.

Ailəsinin ilk sevinci, çadrasını atmış ilk qızlarımızdan, sonra ilk müəllimlərdən biri kimi o, həmçinin milli bəstəkarlıq sənətimizin də ilk qadın nümayəndəsinə çevrilir.

Ağabacı Rzayeva not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir bəyin kompozisiya sinfində təhsil alır, onun ən sevimli tələbələrindən biri olur və dahi Üzeyirin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir.

Onun bəstələdiyi ilk əsər “Gənc vətənpərvərlər marşı” olur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. A.Rzayeva Üzeyir bəy Hacıbəylinin ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə “Sənin xatirən” adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işi ilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.

Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin “Höcət eləmə” (1965, I.Quliyevlə birgə) musiqili komediyasının, “Ögey ana” dramı, Xalq çalğı alətləri orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə yeddi romansın və başqa əsərlərin müəllifidir.

Rəsm dünyasının Maralı

Azərbaycanın peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəssamına gəlincə, o, dövlət mükafatı laureatı Maral Rəhmanzadədir.

Maral xanım müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır. 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olan Maral xanım Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirir, 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirir.

Maral xanımın vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və səmimiyyəti ilə seçilir.  Rəssam kitab qrafikası sahəsində də fəaliyyət göstərir. Klassik şairlərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar, portretlər yüksək sənətkarlıq nümunəsi sayılır.

 Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biri olur. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”) Azərbaycan qadınlarının həyatı öz əksini tapır. Kənd həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin başlıca mövzusuna çevrilir (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan”).

Dilbazilər nəslinin nümayəndəsi

Azərbaycanda tarixən qadın şairlər çox olub, hələ üzü Məhsəti Gəncəvidən Azərbaycan qadınları özlərini ədəbiyyatda, söz yaradıcılığında sınayıblar və böyük şöhrət qazanıblar. Onlardan biri də məhz Mirvarid Dilbazidir.

Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub. Tarixi mənbələrə əsasən, Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası “ürəkli adam” deməkdir. XVI əsrin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır. Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin sonuna qədər nəslimiz ziyalı mülkədar nəslini təmsil edib”.

Mirvarid xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, "Dağ çiçəyi” və digər kitabların müəllifi olan Dilbazinin uşaqlar üçün “Nağıllar”, “Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitabları da dərc olunub. 

Mirvarid Dilbazi Xalq şairi adı alan ilk azərbaycanlı qadındır. Bu ad ona 1979-cu ildə verilib.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
21 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
20 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018
19 10 2018