Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (12-08-2015, 18:12)
Afaq Bəşirqızı: "Necə qaynana olduğumu..."

Afaq Bəşirqızı: "Necə qaynana olduğumu..."

Xalq artisti, sevilən aktrisa, saysız-hesabsız obrazları ilə tamaşaçıların ürəyində iz qoyan Afaq Bəşirqızı yeni seriala çəkilir. Əslində, bu xəbər çoxları üçün gözlənilməz oldu. Çünki ömrünü sənətə həsr edən bu xanımın son illərdə, demək olar ki, heç bir film və serialda çıxışına rast gəlmirdik. Böyük sənətkarımız müsahibələrinin birində seriallarda olmamasını belə izah etmişdi: "Məni ən çox qıcıqlandıran məsələ serialların çəkilməsinin kommersiya tərəfidir. Serialları çəkən rejissorlar qısa müddətdə özlərinə mənzil, bahalı maşınlar və sair alıblar, aktyorlara isə yox dərəcəsəində qonorar verilir. Mən heç zaman seriala çəkilməklə bağlı təklif almamışam. Çünki onlar bilirlər ki, sadaladığım bu nöqsanların qarşısında mən heç bir seriala çəkilmərəm". 
 
Maraqlıdır, aktrisanı fikrindən döndərən səbəb nədir?
 
Publika.az serialla bağlı Afaq Bəşirqızı ilə geniş müsahibə hazırlayıb.
 
- Uzun illərdir ki, sizi heç bir serialda görmürdük. Necə oldu, sonda belə bir qərar verdiniz?

- Uzun müddət idi ki, yeni lent yazılarımdan tamaşaçılarımı məhrum etmişdim. Əsas vaxtımı teatra və şəxsi işlərimə ayırmışdım. İndi isə fikirləşirəm ki, əgər arenadayamsa, mənim geri çəkilməyə ixtiyarım yoxdur. O ki qaldı seriala, onun mətni mənə aiddir. Bu qaynana mövzusu da mənim öz istəyimlə olub. Bir də serialdakı tərəf-müqabillərim də məni qane edirlər.  Ona görə də çəkilməyə razılıq verdim. 
 
- Kimdir tərəf-müqabilləriniz?

- Dilarə Əliyeva, Yasin Qarayev, Gülcahan, gənc aktyor Müşviq... Çox maraqlı heyətdir. Mətn isə mənə çox maraqlı gəldi. Farizin (ssenarist Fariz Əliyev - red.) qələminə çoxdan bələdəm.
 
- Serialda hansı obrazı canlandıracaqsınız?

- Qaynana olacam.
 
- Bu bizim bildiyimiz ənənəvi qaynana obrazıdır, yoxsa tamaşaçıların görüşünə fərqli qaynana gəlir?

- İstəyirsiz, mentalitet qaynanası olsun, istəyirsiniz, xarici qaynana olsun, qaynananın adı onsuz da birmənalıdır. Amma onu rəngləndirmək, fərqləndirmək lazımdır. Bizim serialda ailədə iki gəlin var. Ona görə hadisələrin gedişatı çox maraqlıdır.
 
- Qaynana obrazından söhbət düşəndə hər kəsin ağlına bir ad gəlir: Nəsibə Zeynalova. Ondan sonra bu obrazı oynamaq sizə narahatlıq yaratmır?

- Nəsibə xanımın oynadığı "Qaynana" pyesini oynasaydım, bəlkə də, çəkinərdim. Çünki o, tamaşaçı tərəfindən qəbul olunmuş obrazdır. Amma həmin qaynananı oynasaydım da belə, yəqin ki, həmin obrazı başqa cür traktovka edərdim. Obrazın tamam başqa prototipini görsəydim, onu oynayardım. Bu qaynana obrazı fərqlidir. Xasiyyəti və cəmiyyətdə tutduğu mövqeyi ilə Nəsibə xanımın oynadığı qaynana obrazından fərqlənir.
 
- Aktyor heyətini kim seçib?

- Serialı "SOY" prodakşn çəkir. Aktyor heyətini rejissor seçib. Amma onlar mənimlə razılaşıblar.
 
- Serialda kimlərin qaynanası olacaqsınız?

- Gəlinlərimdən biri çoxları tərəfindən qəbul edilən, istedadlı aktrisa Dilarə Əliyevadır, digəri isə Xuraman Əlizadədir. Oğlum isə Müşviq Şahverdiyevdir. Mənim tərəf-müqabillərim öyrəşdiyim, illər əvvəl oynadığım aktyorlar olmasa da, yeni nəsildir. Düşünürəm ki,  Azərbaycanda teatrın estafetini artıq istedadlara vermək lazımdır. İstedadları da istedadlılar tapırlar. Ona görə də  inanıram ki, mənim tərəf-müqabilim olan gənclər məndən narazı qalmayacaqlar. Mən də ümid edirəm ki, onlardan narazı qalmayacağam. Farizə çox inanıram. Fikirlərimlə razılaşır, məsləhətlərimə qulaq asır. Serialın nə qədər müvəffəqiyyətli olacağı barədə heç bir söz deyə bilmərəm. Mən əvvəlcədən danışmağı sevmirəm. Bu mənə düşmür də.  Bunu tamaşaçıların öhdəsinə buraxıram. Görək necə olacaq...
 
- Neçə bölümdən ibarət serialdır?

- Eşitdiyimə görə, hər şey müvəffəqiyyətlə keçsə, bir il davam edəcək. Sonrasına da baxarıq. Sentyabr ayında ATV telekanalında "Qaynana"mız efirdə olacaq. 
 
- Serialda nəinki yeni komanda ilə, hətta yeni nəsillə tərəf-müqabil olacaqsınız. Gənc nəsil həmkarlarınızdan razısınız?

- Ümumiyyətlə, kiminsə haqqında rəy bildirməyi sevmirəm. Bəlkə də, başqa sənət sahibi olsaydı, onun işinə görə onu mühakimə edə bilərdim. Sənət adamının 1, 10 və ya 100 ildir sənətdə olmağının heç bir dəxli yoxdur. Əgər aktyor adını daşıyırlarsa, mən onları mühakimə etmək istəməzdim. Sadəcə, böyük kimi məsləhət verə bilərəm ki, səyyar çıxışlarının aktyora müvəffəqiyyət gətirməsinə şübhə edirəm. Teatr istedad yetişdirir. Mən istərdim ki, həmin istedadlı uşaqlar teatrların  aktyorları olsunlar. Qalanı isə öz şəxsi işləridir. Bütün professional aktyorlar teatrda işləyərək, seriallara da çəkilir, proqramlara da çıxır, qastrol səfərlərinə də gedir, öz şəxsi konsertləri də olur. Mənim nəsihətim odur ki, teatrda yetişsinlər.
 
- Afaq Bəşirqızı həyatda necə qaynanadır?

- Özüm haqda ancaq bioqrafiyamı danışa bilərəm. Necə adam və necə qaynana olduğumu ətrafdakılar deyə bilərlər. Odur ki, bu sualın cavabını da məhz ətrafdakıların öhdəsinə buraxmışam. Nəinki qaynana, elə sənətkar kimi də necə olduğumu xalq deyə bilər. Bu səbəbdən  heç nə deyə bilmərəm. Fürsət düşsə, hansısa tədbirlərdə rastlaşsaq, gəlinimdən intervü almağınıza icazə verərəm. Necə qaynana olduğumu da sizə o deyər.
 
- Serialdakı qaynana obrazını yaradarkən özünüzü oynayacaqsınız, yoxsa bu, sadəcə, sizin yaratdığınız obrazdır?

- Yox, o, məndən tamamilə fərqlidir. Söylüm, Suğram kimi özümdən çox fərqlənir. Mən hələ ki, özümü oynamamışam. Yəqin ki, özümü oynasaydım, Musiqili Teatrın aktrisası olmazdım. Ən azından, Milli Teatrın və ya universal teatrın aktyoru olardım. Faciə, melodram, qara komediya və s. janrlarında oynayardım. İndiyədək ancaq obrazlarımı oynamışam.
 
- Vaxtilə "Afaq gülür, güldürür" adlı silsilə tamaşalar hazırlayırdınız. Tamaşaçı həmin heyət və tamaşalar üçün darıxıb...

- Ona görə də bu seriala razılıq verdim. Keyfiyyətin yüksək olacağına çox böyük həyəcanla zəmanət verirəm. Hər zaman həyəcanlı, gərgin insanam. Heç vaxt özündənrazı, müştəbeh olmamışam. Hər zaman nigaran biriyəm. 2-3 seriyadan sonra biləcəyəm ki, "Qaynana" serialına razılaşmağım səhv, yoxsa düzgün addımdır.

- Səhv addım atdığınıza dair hansısa tərəddüdləriniz var?

- Mənə elə gəlir ki, əgər mən Afaq Bəşirqızıyamsa, səhv etmərəm. Çünki həyatda çox nadir hallarda səhv etmişəm. Ümid edirəm ki, bu, səhvə yol verdiyim həmin nadir hal olmayacaq.
 
- Demək, serialı bəyənməsəniz, geri də çəkilə bilərsiniz?

- Onları mən indidən deyə bilmərəm. Şər deməsən, xeyir gəlməz. Hər bir labirintdən çıxış yolu var. Bu da insanın ağlından asılıdır.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024