Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (20-11-2018, 11:52)
“Vaxtilə nazirlər məni qəbul edirdi, indi mühafizəçi belə görüşmür”

 “İndiki şərtlərlə Azərbaycan insanı inanmır ki, 65 yaşına qədər yaşayacaq"

Yeni Azərbaycan Partiyasının qurucularından sayılan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev “Yeni Müsavat”a geniş müsahibə verib. Onunla son günlər əsas müzakirə mövzusuna çevrilən BDU-nun rektoru Abel Məhərrəmovun vəzifəsindən azad edilməsi və eləcə də gündəmdə olan digər məsələlərlə bağlı söhbət etdik.

- Əli müəllim, hazırda nə işlə məşğulsunuz?

- İqtisad Universitetində professoram. Elmi məqalələr, dissertasiyalar yazıram. Yaxşı tələbələrim var. Kitablar da yazıram. Hələ elə bir yaşım yoxdur, qarşıda görəcəyim çox işlər var.

- Əli bəy, partiyadaşınız, YAP-ın Siyasi Şurası və İdarə Heyətinin üzvü olan Abel Məhərrəmovla bağlı son günlərdə baş verənləri necə dəyərləndirirsiniz?

- Bir şəxsin başına bu cür işlər gələndə onun haqqında danışmaq nə şəxsiyyətimə, nə xarakterimə, nə də nəslimə yaraşır. Hətta məndən kiminsə xoşu gəlməsə də, onun haqqında da danışmaram. Abel müəllimi çoxdan tanıyıram. YAP-ın yarandığı ilk illərdə onu tanımırdım. Universitetə gedəndə bizi yüksək səviyyədə qarşılayırdı. Heydər Əliyevin siyasətini çox bəyənir, onu sevirdi. Bunun əsasında o, millət vəkili seçildi. Rektor da olmağı təsadüfi deyildi. İnsan hər zaman səhv edə, yıxıla bilər. Onunla çox yaxın olmamışam. Heç Milli Məclisdə belə yaxınlığımız olmayıb. Onunla bağlı baş verən hadisələrdən xəbərsiz idim. Kənar şəxslər bu barədə mənə məlumat verdilər. Hesab edirəm ki, Abel Məhərrəmovla bağlı baş verənlər olmamalı idi. İndi onun harada hansı səhvləri etdiyini bilmirəm. Mən də xarici ölkələrə az səfər etməmişəm. Düşmənlərlə belə üz-üzə oturmuşam. Ermənilərə açıq şəkildə sözümü demişəm. Hər birimiz dövlətimizi və millətimizi qorumalıyıq. Abel müəllim sahəsi üzrə elmimizə töhfələrini verib. Bir faktı deyəcəm. 1998-ci ildə rəhmətlik Heydər Əliyev məni yanına çağırıb dedi ki, sizin universitetə kimi rektor qoyaq. Açıq şəkildə məni qoymayacağını dedi. O zaman İqtisad Universitetində münaqişələr var idi. Sonralar gördüm ki, tam doğru qərar imiş. Abel müəllim Qərbi Azərbaycanda doğulub. O yerlərin insanları möhkəm adamlardır. Amma siyasət elə bir şeydir ki, gərək səhv etməyəsən. Səhv etdiyin zaman başına çox işlər gəlir. Abel Məhərrəmovun qardaşlarını tanıyıram. Yaxşı ailədirlər. 

- Qurucusu olduğunuz bir partiyanın funksionerinin bu cür hallara yol verməsi sizi təəssüfləndirirmi?

- YAP şəxslərdən ibarət deyil. Hər zaman bu partiyanın yaradıcılarından biri kimi o partiya ilə fəxr etmişəm. Bu partiyadan heç zaman imtina etməyəcəm, məni lap çıxarsalar belə. YAP-ın Siyasi Şurasından çıxsam da, Səbayel rayon təşkilatında Siyasi Şura üzvüyəm. Biz bu partiyanı yaradıb, Heydər Əliyevin başına yığışdıq. Düşünmürdük ki, nə zamansa hakimiyyətə gələrik. Biz bir dəyər ətrafında yığışmışdıq və bu dəyəri heç zaman ucuz tutmaram. Yeri gələndə YAP yolunda sona qədər gedərəm. Nələrsə bu gün unudula bilər, yaxud keçmişi unuda bilərlər. Amma kimliyindən asılı olmayaraq keçmişə hər zaman nəzər salmaq lazımdır. Baxıb demək lazımdır ki, bunun da xidmətləri olub, ona da hörmət etmək lazımdır. Görürsən ki, sadə bir adam, polis və ya qeyrisi olsun, insanın üstünə elə qışqırır ki, sadəcə, dəhşətə gəlirsən. Belə şeylər olmamalıdır. Bu, millətin çatışmazlığıdır.

- Hazırkı YAP rəhbərliyindən kimlərlə əlaqələriniz qalıb? Sizi xatırlayanlar varmı?

- Açığı, əlaqəm olanların çoxu rəhmətə gedib. Amma Maksim Musayev, Eldar İbrahimov, Siyavuş Novruzov kimi şəxsləri görmüşəm. Köhnələr bunlardır. Çoxları isə Heydər Əliyev hakimiyyətə gələndən sonra partiyaya gəliblər.

- Parlamentin son iclaslarında büdcə müzakirələri getdi. İclasları izlədinizmi və dövlət büdcəsi barədə nə deyə bilərsiniz?

- Büdcədə inkişaf var. Artım müşahidə olunur. Dünyada gedən iqtisadi münaqişələrə baxanda az dirçəliş var. Amma üstün tərəflər odur ki, qeyri-neft sektorunda ciddi artım var. Sosial sahələrdə də inkişaf nəzərə çarpır. Təbii ki, problemlər də az deyil. Pensiyada yaş hədlərində müəyyən dəyişikliklər edilməlidir. Sosial-müdafiə məsələlərində islahatlar ola bilər. Elə etmək lazımdır ki, insanların kənd yerlərindən şəhərə axınlarının qarşısı alınsın. Buna potensialımız da var. Turizmin inkişafına diqqət daha çox artırılmalı, sahibkarlığa daha ciddi önəm verilməlidir. Sovet dövründə yoxsulluq yox idi. Amma indi yoxsulluqdan danışırıq. Yoxsulluq aradan qaldırılmalıdır. Deputat olduğumuz vaxtlarda da bu cür fikirlərimi daim səsləndirmişəm. Mən Heydər Əliyevin iqtisadi siyasətini o zaman yazmışdım. Kitabımı da ona vermişəm. Milli Məclisdə əyləşənlər proqnozları, hesabları bilməlidirlər. Büdcə proqnozdur, statistika deyil. O elə olmalıdır ki, passiv olmasın. Yəni iqtisadiyyatın strukturlarını dəyişmək qabiliyyəti olsun.

“O deputatların heç maaşlarına ehtiyacları da yoxdur”
- Parlamentin son iclasında deputat Vahid Əhmədov pensiyalardakı yaş həddini tənqid etdi. Nazir Sahil Babayev isə yaş hədlərinin normal olduğunu söylədi. Siz necə düşünürsünüz?

- Bu yaralı yerimdir. Pensiyalarda yaş həddi mütləq aşağı olmalıdır. Bunu alim kimi deyirəm. 65 yaş indiki şəraitdə çoxdur. Bunu müzakirə etmək lazımdır. Kəndlərdə görürsən ki, 50-55 yaşı var, amma işləyə bilmir. Nəticədə dolanışığı çox ağırlaşır. 60-65 yaşında bir insan harada işləyəcək? İndiki şərtlərlə Azərbaycan insanı istəmir ki, Sosial Müdafiə Fonduna pul keçirsin. Deyir ki, 65 yaşına qədər yaşayacağımı bilmirəm. Bu yöndə müəyyən işlər görmək lazımdır. Orta yaşam dövrünün neçə yaş olduğunu deyə bilmərəm. Bunu necə hesablayıb deyirlərsə, bu onların öz işidir. Azərbaycan əhalisi bu günü üçün çalışır. İnsanlar istəmir ki, bu gün qazandıqları pulu 65 yaşından sonra alacağı pensiya üçün Sosial Müdafiə Fonduna keçirsin.

- Milli Məclisin son iclaslarında deputatlar maaşlarının azlığından gileyləndilər. Sizcə, onların maaşları artırılmalıdır?

- Mən də deputat pensiyası alıram. Təbii ki, maaşlar artırılanda mənimki də artırılacaq. Amma onların maaşları artırılsa, ölkədə digər əmək haqları da artırılmalıdır. İstənilən halda bu, narazılığa səbəb olmamalıdır. Belə fikirlər olmamalıdır ki, niyə filankəsin maaşı artır, amma mənimki yox. Əgər inkişaf varsa, hansı istiqamətlərdə maaşların verilməsindən asılı olmayaraq, uyğun faizlərlə artımlar edilməlidir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, 20-25 il deputat olanlar var. Lakin ölkənin problemlərinin həllinə imkanları daxilində kömək etmirlər. Özlərinin şəxsi biznesləri var və bunu böyütməklə məşğuldurlar. Həmin deputatların heç maaşlarına ehtiyacları da yoxdur. Qanunla deputat bizneslə məşğul olmamalıdır. Mən də deputat olmuşam, amma bir su köşküm də yoxdur ki, gedib su içim. 4-5 universitetdə işləmişəm. İndi də yaşımın bu vaxtında iş dalınca ora-bura qaçıram. Çünki yaşamaq üçün ehtiyaclarımı ödəyə bilmirəm. Pensiyam da təbii ki, buna çatmır. Hamı bu vəziyyətdədir. Maaşlarda artımlar bütün sahələri əhatə etməlidir. İndiki vaxtda ehtiyaclarımız çoxalıb. Deputatların aldıqları maaşlarla dolana bilməmələri normaldır. Bir şeyi nəzərə almaq lazımdır ki, onların xərcləri özlərinə uyğun şəkildədir. Şəxsən mən həyat yoldaşımla özümün müalicəsi üçün ayda min manat dərmana verirəm. Deputatlar maaşlarının artırılmasını istəyirlər, qoyun istəsinlər, amma unutmasınlar ki, səmərəli işləmək lazımdır. Deputat statusu çox gözəl bir şeydir. Mən deputat dadını görmüşəm. Hara getmişəmsə, yolum açılıb. Vaxtilə nazirlər məni qəbul edirdi, deputatlıqdan düşdükdən sonra mühafizəçi belə qəbul etmir. Deyir ki, deputat olmusan, nə olsun ki. Bax belə hallar insana pis təsir edir. Əgər deputata beş min insan səs veribsə, bunu doğrultmaq lazımdır. Bir rayon təsəvvür edin ki, ona səs verib. O, məhsuldar çalışarsa, bir rayonun problemlərinin həllinə ciddi köməyi dəyər. İnsanların haqları uğrunda həmin şəxslər mübarizə aparmalıdırlar. İstənilən halda deputatlara hörmət etmək lazımdır, deputatlıqdan gedənlərə də bu hörmət qoyulmalıdır. Türkiyədə olduğu kimi onların nüfuzlarını qorumaq lazımdır. Niyə mən deputatlıqdan gedəndən sonra bəzi yerlər tərəfindən qəbul olunmuram? Belə halları görən deputat deyir ki, niyə məhsuldar çalışmalıyam, onsuz da səhəri gün başqasının gününə düşəcəm. (Gülür).

- Parlamentin buraxılacağı, növbədənkənar seçkilərin keçiriləcəyi barədə söhbətlər dolaşır...

- İndiki parlamentin 2020-ci ilə qədər vaxtı var. İki il müddəti qalan parlamenti buraxmağın nə mənası var? Mənə elə gəlir ki, parlamenti buraxmağa ehtiyac yoxdur. Sadəcə, Milli Məclis məhsuldarlığı artırmalı, sosial ədaləti bərqərar etməlidirlər. Guya parlament buraxılsa, yeni deputat olsalar, indikindən yaxşı olacaqlar? İndi deputatlar var ki, onların çoxları ilə zamanında birlikdə çalışmışam, məni görəndə deyirlər ki, yerin görünür. Düşünürəm ki, hazırda parlamentdə olan bəzi deputatlar dəyişdirilməməlidir.

- Əgər parlament buraxılıb yeni seçkilər keçirilsə, yaxud 2020-ci ildə seçkilər olsa, iştirak edəcəksiniz?

- 2020-ci ilə iki il var. O müddətdə sağ olsam, yaxud görsəm ki, mənə qarşı münasibət yaxşıdır, arxamda dayananlar var, o zaman fikrimi deyərəm. Namizəd olmaq üçün 450 min imza yığmağın özü də çətindir. İndi elə də ciddi qüvvəm də yoxdur. Partiyam da mövcud deyil ki, insanları imza yığmağa cəlb edə bilim. İndidən nəsə bir söz deyə bilmərəm.

- Azərbaycan dili ilə bağlı müzakirələr son aylarda daha da aktuallaşıb. Rusdillilərin artması qınaq obyektinə çevrilib...

- Dil bilmək yaxşı şeydir. Dərs dediyim tələbələrim var ki, onlar ingilis dili öyrənirlər. Səbəbini soruşuram, deyir ki, magistraturaya hazırlaşıram, yaxud da haradasa işləyəcəyini deyir. Mən də rus dilini əla bilirəm. Hətta danışanda deyirlər ki, bunu harada öyrənmisən. Amma öz dilini unudub, ailədə, küçədə xarici dildə danışmaq düzgün deyil. Dil bilməyi qadağan etmək lazım deyil. Lakin Azərbaycan dilini hər yerdə birinci sıraya qoymaq lazımdır. Məktəblərdə əsas dil də ana dilimiz olmalıdır. Ailədə uşaqları rus dilini öyrənməyə məcbur etmək, rus dilində danışmağa təhrik etmək yolverilməzdir. Azərbaycan dili sevimli dilimizdir. Onu qorumaq və inkişaf etdirmək lazımdır.

- Ana dilimizdə bərbad danışıq da son günlərin əsas müzakirəsinə çevrilib. Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyədəki çıxışı bu istiqamətdə tənqidləri daha da artırdı...

- Başqa şəxslərin dilimizdə necə danışdıqları barədə onlara yönəlik heç nə deməyəcəm. Kim nə cür danışır, özü yaxşı bilir, cəmiyyət də görür. Prezident İlham Əliyev Azərbaycan dilində də, ingilis və rus dillərində də danışanda hamı ləzzət alır. Hansı dildə danışırsansa, gərək təmiz danışasan. Rusdilliləri müəyyən mənada qınaya bilmirəm. Çünki onlar orta məktəbi bu dildə oxuyublar, yaxud xaricdə təhsil alıblar. Amma həmin şəxslər ana dilimizdə təmiz danışmağı öyrənməlidirlər. Bunun üçün hətta müəllim də tutmalıdırlar. Bir insan kimi Elmar Məmmədyarova böyük hörmətim var. Savadlı diplomatdır. Öz işini mükəmməl bilir.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024