Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-05-2018, 08:59)
“Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib?

“Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib?

 

Mediatv.az “Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyəti haqqında “haqqın.az” portalının hazırladığı məqaləni təqdim edir.

Qəribə şəkildə yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirilən “Bakı Abadlıq Xidməti” adlı özəl müəssisənin fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsaitlərin talan edilməsi ilə bağlı yeni ehtimallara yol açır.

Şəhər büdcəsi – harada boşdur, orada boşdur.

Necə olur ki, ki, dövlətin ayırdığı hər bir qəpiyə görə cavabdeh olan Bakı meriyasının aparatı, pulları birmənalı olmayan şəkildə xərcləyir? Çoxmilyonluq maliyyə axınlarını nizamlayan, Bakı icra hakimiyyəti səxavətli şəkildə milyonları özəl strukturlara xərcləyir, iş dövlət strukturlarına çatanda isə xəzinənin qapısı demək olar ki, bağlanır.

Meriya özəl sektora xüsusi simpatiya bəsləyir? Çoxlu misallar gətirmək olar. Onlarla şirkət və ya fiziki şəxs bu qurumdan (həm də digər şəhər və ya rayon hakimiyyət orqanlarından) mallara və ya xidmətlərin göstərilməsinə görə müqavilədə nəzərdə tutulan məbləği belə ala bilmir. Kiminsə nə vaxtsa açdığı “büdcə ventilini” isə heç kim nəzarətə götürmək barədə düşünmür.

Təsəvvür edin, Bakının abadlığına cavab verən anoloji dövlət strukturu – Şəhərin yaşıllaşdırılası üzrə təsərrüfat birliyində hər il Hesablama palatası və ya Vergilər nazirliyi tərəfindən yoxlamalar aparılır. Bunun hansı anlama gəldiyini hər bir sahibkar anlayır. Təsərrüfat obyektinin sahiblərinin başı hardasa bir ay HP-ı auditorlarının və ya vergi müfəttişlərinin sorğularının  yerinə yetirilməsinə qarışır. Üstəlik demək olar ki, hər bir yoxlama zamanı hansısa ciddi bir nöqsan  ortaya çıxır.

Yeri gəlmişkən auditorlardan birinin ötən ilin yekunlarına dair hesabatı diqqətə layiqdir. Həmin rəydə, yaşıllaşdırma işi ilə məşğul olanların kənardan sifarişlərin qəbulunu effektiv şəkildə təşkil etmədiyi, yalnız yuxarıdan həvalə olunan planlı işlərlə kifayətləndiyi qeyd olunur. Yəni sadə dillə desək yalnız dövlət sifarişini yerinə yetirirlər.

Düzgün məsəldir, işləməyən dişləməz. Əlavə gəlirlər təsərrüfatın rəhbərliyinə həm işçilərin maaşlarını artırmağa həm də yeni texnika almağa kömək ola bilərdi. Rəhbərliyin başı başqa məsələyə qarışdığı  halda buna necə nail olmaq olar axı? Göz görə-görə bu təsərrüfatın “mişarlandığı” halda hansı kənar sifarişlərdən söz gedə bilər? Sakit oturacaq, heç olmasa azdan-çoxdan maaşını alacaq. Həddindən artıq aktivlik isə dövlət strukturunun və xidmət ərazilərinin itirilməsinə səbəb ola bilər.

Görünən odur ki, bu dövlət strukturuna yalnız “başını aşağı salıb öz işi ilə məşğul olması” tapşırıldığından, heç kim ümumiyyətlə “Bakı abadlıq xidməti” MMC-dən danışmaq istəmir. Halbuki bu açıq aydın rəqabətdə olan şirkətdir. İstənilən sahibkarda öz rəqibinə qarşı kompromatı tapmaq çətin məsələ deyil. Ancaq bunu MMC  barədə hər suala sükutla cavab verən təsərrüfat rəhbəri Vaqif Novruzova şamil etmək olmaz.

Yəqin ki, Novruzov bunun düzgün olduğunu düşünür. Hökumət evinin ətrafında olan bağlar təsərrüfatın əlindən alınıb. Sağ olsunlar ki, azından üç ayrı hissədən ibarət olan kiçik bağın ən gözəgələn hissəsini əllərindən almayıblar. Halbuki bu bağ düz hökumət üzvlərinin gözləri önündədir. Çox qəribə mənzərə yaranır: vaxtaşırı fasad bağının torpağı peyinlə qarışdırılır, bir neçə gün ərzində ətrafı xoşagəlməz qoxu bürüyür.  Qoxu tədricən keçsə də, ürək açan yaşıllıq xeyli müddət göz oxşayır.

 

                     Vaqif Novruzov

Eyni zamanda yan parklarda köhnə ot örtüyünün əvəzinə həmin qazondan olan yeni rulonlar salınır. Novruzov özü də yaxşı bilir ki, rulonu döşəmək həm asan həm də xoşagələndir, üstəlik heç bir arzuolunmaz qoxuya səbəb olmur.  Ancaq nə etmək olar – büdcə buna imkan vermir.

Yaxınlıqda olan “Sahil” parkında da oxşar mənzərənin şahidi ola bilərik. Halbuki, orada Səbail İcra hakimiyyəti, şəhər prokurorluğu, Axundov adına kitabxana, “Sahil” metro stansiyası, “Yeni Azərbaycan Partiyası”nın mərkəzi ofisi və digər əhəmiyyətli binalar yerləşir. Elə bir təsəvvür yaranır ki, şəhər icra hakimiyyəti həmin parkları və bağları “Bakı abadlıq xidməti” MMC-ə həvalə etsin deyə, bu  strukturlardan şikayətin daxil olmasını gözləyir. Yenə də tendersiz, yenə də qanunda nəzərdə tutulan proseduraları pozmaqla. Halbuki bütün şirkətlərə bərabər şərait yaratmaq daha asan olardı.

Bizdə xoşagəlməz şübhələr oyanıb. Nədən Hesablama palatası digər dövlət nəzarət orqanları kimi heç vaxt “Bakı Abadlıq Xidməti” MMC-nin dövlət vəsaitini hansı şəkildə hara xərclədiyi ilə maraqlanmayıb?  Yox, biz Hesabalama palatasını ona xas olmayan tapşırıqla – özəl strukturun yoxlanılması ilə məşğul olmağa çağırmırıq. Ancaq bir məsələ var ki, ora axı vəsait dövlət büdcəsindən daxil olur. Və bu vəsaitlərin bölgüsünü yalnız və yalnız bir dövlət strukturu – Bakı şəhər İcra hakimiyyəti aparır.  

Auditorlar isə nədənsə, heç vaxt, bu dövlət strukturunun eyni tipli işə görə ayrı-ayrı təşkilatlara vəsaitlər ayırdığı barədə düşünməyib. Fevral ayında “Bakı Abadlıq Xidməti” MMC-nin  Heydər Əliyev prospektində quruyub saralmış otları yaşıl boya ilə rəngləməsi ilə bağlı demək olar ki , ölkənin bütün kütləvi informasiya vasitələrində yayılmış xəbərə niyəsə, nə Hesablama palatası nə də ki, hüquq mühafizə orqanlarından hər hansı reaksiya gəlmədi. Görünən odur ki, bu “qüdrətli” MMC-yə hər şeyə icazə var.

Əlbəttə ki, yaşıllaşdırma təsərrüfatında böyük pullar “fırlanır”. Təəssüflər olsun ki, dəqiq məlumat əldə edə bilmədik.  Bu da boşuna deyil. Bakı İcra hakimiyyəti artıq xeyli müddətdir ki, tam məxfi dövlət strukturuna çevrilib. İcra hakimiyyətinin bütün əməkdaşları, o cümlədən mətbuat xidmətinin əməkdaşları bir ağızdan bildirirlər ki, jurnalistlərə açıqlama verdiklərinə görə iş yerlərindən məhrum ola bilərlər. Heç bir rəsmi saytda, heç bir maliyyə sənədi və ya göstəricisini tapmaq mümkün deyil. Əlbəttə ki, bu hallar ölkənin prezidenti İlham Əliyevin dövlət strukturlarının fəaliyyətində şəffaflığın təmin olunması və hazırda rəqəmsal hökumət adlandırılan müasir elektron idarəetmə üsuluna keçidlə bağlı çağırışlarına ziddir.

Ancaq keçmiş mer Abutalıbovun əsasını qoyduğu “məxfilik qalasını” dağıtmaq elə də asan məsələ deyil. Meriya KİV-dəki tənqidlərə reaksiya göstərmir, nəzarət orqanları isə susur.Kim bilir, bəlkə də Bakı icra hakimiyyəti deyilən bir qurumun mövcud olduğunu unudublar?  Ola da bilər ki, meriyanın başqa yolu tuması kimlərinsə xeyrinədir.

Bu sualları biz bir qədər sonra cavablandırmağa çalışacağıq. İndi isə Hesablama palatasının saytında təqdim olunan rəqəmlər və göstəricilərə nəzər salaq. Bu məlumatlar şəhərin yaşıllaşdırılmasına ayrılmış maliyyə subsidiyalarının miqyasını təsəvvür etməyə imkan verəcək.

Hesablama palatası nə deyir?

Dövlət büdcəsinin xərclərinə əsasən, 2016-cı ildə  Azərbaycanda büdcədən abadlıq, tullantıların yığımı və təmizlənməsi (bura yaşıllaşdırma da daxildir) işlərinə 260 milyon manatdan çox vəsait ayrılıb. Bu məbləğdən 150 milyon manata yaxını yerli icra hakimiyyəti orqanlarına ayrılıb. Bu məbləğin əsas hissəsinin paytaxtın payına düşdüyünü nəzərə alsaq, subsidiyaların yarısından çoxu Bakının yaşıllaşdırılmasına sərf olunur.  Digər yandan, Ekologiya Nazirliyi və Nəqliyyat Nazirliyi (hər halda rabitə və yüksək texnologiyalar nazirliyi ilə birləşənə qədər)  öz sahələrinin yaşıllaşdırılmasını özləri maliyyələşdirir.  

Halbuki onlara da dövlət büdcəsindən təyinatı üzrə vəsait ayrılır. Dənizkənarı bulvar idarəsi, Nazirlər kabinetinə tabe olan  “İçəri şəhər” Dövlət Tarix-Memarlıq  Qoruğu İdarəsi, “Təmiz şəhər” ASC və yerli icra hakimiyyətlərinin də xərcləri ayrıdır.

Başqa bir nüans da diqqəti çəkir. Büdcənin 8.2.2.7 müddəası (abadlıq və bərk məişət tullantılardan təmizlənmə üçün yerli icra hakimiyyəti orqanlarına ayrılır) üzrə abadlıq xərcləri son illər azaldığı halda, digər yandan 8.2.2.9 müddəası üzrə ( yaşayış massivlərinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası və abadlaşdırılması) eyni məqsədlərlə həmin orqanlara ayrılan vəsaitlər əksinə olaraq artıb.

Burdan belə bir nəticə çıxır – onlarla milyon manatda ibarət subsidiya hər il mənzil istismar sahələri və özəl strukturlar, o cümlədən, “Bakı Abadlıq Xidməti” MMC arasında bölüşdürülür.

Ancaq dövlət strukturlarına bu məbləğdən, artıq qeyd etdiyimiz kimi, “qəpik-quruş” qalır.  Və, əksinə maliyyə yardımı və verilən imtiyazların sayəsində  “Bakı Abadlıq Xidməti” MMC brendinin inkişafı üçün hər cür şərait yaradılır.

Praktikada belə faktlar digər ölkələrdə də müşahidə olunur. Ancaq onların hamısı, bir qayda olaraq, hansısa yüksək vəzifəli məmurun güclü dəstəyi ilə əlaqəlidir. Öz mövqeyindən və dövlətin ona verdiyi səlahiyyətlərdən istifadə edən məmur, seçilmiş şirkət üçün daha əlverişli şərait yaratmağa nail olur. Büdcədən maliyyələşmənin artırılmasına, müxtəlif lüqotların verilməsinə nail olmağa çalışır, ancaq şirkətdən bunun müqabilində effektivliyi artırmağı tələb edir ki, bu da öz yerində onun addımlarını doğruldur və gələcəkdə daha böyük vəsaitlərin ayrılmasını təmin edir.

Əlbəttə ki, bunların hamısı elə belə edilmir. Mahiyyətcə, bu məmur onun yaradılmasında iştirak etməsə belə, artıq həmin şirkətin əsas sahiblərindən birinə çevrilir. Əksər hallarda belə məmurun şirkətin sahibi olması ictimaiyyətdən gizli saxlanılır. Ancaq gec-tez hər şey üzə çıxır,  məmur isə korrupsiya mexanizmində iştirak etdiyinə görə, vəzifəsindən sui-istifadə etdiyinə görə, dövlət büdcəsini talan etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunur.

Belə olan halda, rezonanslı bir sual ortaya çıxır: “Bakı Abadlıq Xidməti” nin arxasında kim dayannır? Siyasi elitada təmsil olunanlardan kim bu struktura himayədarlıq edir?

Siz kimsiniz, cənab “X”?

Adətən belə bir “krışanı” tapmaq elə də asan başa gəlmir. Hətta peşəkarcasına aparılan istintaq-əməliyyat tədbirləri belə əksər hallarda bacarıqlı şəkildə qurulmuş piramidanın “zirvəsinə” çıxmaq baxımından heç bir nəticə vermir. Belə strukturlarda əsas yük “aşağı zümrə ” - əyanların çiyinlərinə düşür, “yuxarı zümrə” isə onların bir növ işini asanlaşdırır, ancaq onlar heç vaxt aqibətdən qaça bilmirlər. Bütün yarım-mafiya və ya son vaxtlar adlandırılan korrupsiyaya qurşanmış strukturlarının mahiyyəti bundan ibarətdir. Onların “uzunömürlülüyü” də bununla izah olunur, başçı həmişə kölgədə qalır. Ondan fərqli olaraq rəsmi icraçılar sərbəst şəkildə bəyanatlar verə bilir, başçının göstərişi əsasında və ya yaranmış vəziyyətdən asılı olaraq iyerarxiya pillələri və ya karyera nərdivanı ilə qalxa bilir.

Ancaq bizim halda, hər şey detektiv kitab və ya film müəlliflərinin göstərməyə çalışdığı kimi deyil. MMC-nin “ali rəhbərliyi” yumşaq desək, mətbuatla ünsiyyət qurmağı sevmir. Bunu digər KİV-nin yaydığı xəbərlər də görmək olur. Yerli ictimaiyyət onları tanımır. Ancaq onlara kimin himayədarlıq etdiyini öyrənmək onları tanımaqdan daha asandır. İlk qarşıya çıxan mənzil-istismar sahəsi rəisindən soruşan kimi, o dəqiqə böyük məmnuniyyətlə “Bakı Abadlıq Xidməti” MMC-nin nailiyyətlərindən danışmağa başladı. O,  bizə MMC-nin bütün lazımı mütəxəssisləri və texnikası olan  qabaqcıl dövlət strukturu olduğunu aydınlaşdırmağa çalışırdı.  

Dediyinə görə, şəhər mərkəzi və digər park və istirahət yerləri göz oxşasın deyə  MMC-ni bütün lazımı vasitələrlə təmin edirlər. Bir növ Bakı Dənizkənarkı bulvar idarəsi kimi müstəqil dövlət strukturudur.  

Mənzil-istismar sahəsi rəisinin MMC-nın tabeçiliyi barədə “bilgiləri” bizi həqiqətən təəccübləndirdi. Paytaxtın mərkəzində büdcəni iriqmiqyaslı şəkildə talan edən cənab “X”in kim olduğunu öyrənmək ümidi ilə onun sözünü kəsmədik. Tədricən o,  sözügedən “qabaqcıl dövlət strukturu” ilə müqayisədə onun idarəsinin işçilərinin nə üçün qat-qat aşağı maaş aldığına aydınlıq gətirirdi. Guya onlar daha yaxşı işləyir, onların işi daha məsuliyyətlidir və s.

Bütün bunları danışan zaman üzündə bir damla paxıllıq sezilmirdi, səmimi qəlbdən danışırdı, hər şeyi bilən və hər şeyi ədalətli şəkildə bölən ali orqanların düzgünlüyünə tam əmin görünürdü.

- Bəs əgər bu dövlət strukturudursa, onun kuratoru olmalı deyil?- deyə biz soruşduq.

- Əlbəttə ki var! “Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyətinə Nazirlər Kabinetinin rəhbərliyi nəzarət edir. Bu ölkə rəhbərliyinin paytaxtın mərkəzinin və digər park və bağlarının abadlığına nə qədər böyük önəm verdiyini bir daha sübut edir.

Oxucunu təsadüfən rastımıza çıxmış MİS rəisinin müdrik nitqi ilə yormaq fikrimiz yoxdur. Üstəlik onun cavabını mahiyyət etibarı ilə demək olar ki, bütün instansiyalarda, sıravi işçidən tutmuş bir çox qurumların rəhbərlərinə kimi hamı təsdiqləyirdi.

Nazirlər Kabinetinin şəhərin bir hissəsinin abadlaşdırılması və yaşıllaşdırılması ilə məşğul olan özəl strukturun fəaliyyətinə nəzarət etməsi heç kimdə təəccüb doğurmurdu. Elələri də var idi, hiyləgərcəsinə gülümsəyib, ikibaşlı fikirlər səsləndirirdi .

Ancaq birmənalı olmayan rəy və ya nəticələr haqqında söz açmağa tələsməyək.Nazirlər Kabineti rəhbərliyinin bu strukturla hər hansı şübhəli əlaqələrin olduğunu təsəvvürə gətirmək çətindir və bizim hörmətli insanların üzərinə kölgə salmaq niyyətimiz yoxdur.

Ölkənin demək olar ki, bütün iqtisadiyyatına nəzarət edən şəxsin, dalandarların və bağbanların gəlirlərinə göz tikdiyi inandırıcı deyil. Ola bilər dövlət başçısı həqiqətən Nazirlə Kabinetinə şəhər mərkəzində səliqə-səhman yaratmağı,  bakılıların və şəhər qonaqlarının istirahəti üçün lazımı şərait yaratmağı tapşırıb.  Və yüksək vəzifəli məmurlar xeyirxah niyyətlərini rəhbər tutaraq, sadəcə qoyulan tapşırığın öhdəsindən layiqincə gəlməyə çalışır. Ancaq ətrafda olanlarda kimsə yaranmış vəziyyətdən öz maraqları üçün istifadə edir. Ancaq istənilən halda bu cənab “X”i  MMC- rəhbərliyindən tutmuş Nazirlər Kabinetinə kimi dar bir halqada axtarmaq lazımdır.   

Belə olan hallarda heç kimin  dəlilsiz-sübutsuz nəticə çıxarmağa haqqı yoxdur. Bunu yalnız daha təfsilatlı araşdırma , bəlkə də, jurnalist araşdırması ilə etmək olar. Ancaq podratçının seçimi, onun maliyyələşdirilməsi ilə bağlı qanun pozuntuları, sağlam rəqabət qaydalarının pozulması ilə bağlı faktlar necə deyərlər “kor-kor, gör-gör” göz qabağındadır. Bu özlüyündə daha səlahiyyətli orqanların bu faktların araşdırılması ilə məşğul olması üçün kifayət edir.  Ölkənin yeni qurulan  hökumətinin bu siqnalı diqqətdən kənarda qoyacağını düşünmürük.

Qanun hamı üçün qanundur

Bəli, həqiqətən dövlət başçısının qoyduğu hədəfləri  layiqincə yerinə yetirmək üçün, yeni hökumət çətin tapşırıqların öhdəsindən gəlməli olacaq. Ancaq qanunun aliliyi təmin olunmadan ölkənin inkişafı və əhalinin rifahının yaxşılaşdırması məqsədi daşıyan  nə bu tapşırıqlar, nə də gələcək irimiqyaslı islahatların gerçəkləşdirilməsi mümkün deyil. Əsası da odur ki, bu baxımdan ən yüksək vəzifədə olan məmurlar insanlara örnək olmalıdır.

Əminik ki, Nazirlər Kabinetinin qonşu kabinetlərdən oturan yüksək vəzifəli məmurları bundan sonra bizim siqnala reaksiya göstərəcək və şəhərin abadlığını sözün əsl mənasında qaydaya salacaq.  Bizim vəzifəmiz bu həqiqətləri onların diqqətinə çatdırmaqdır. Eyni zamanda onlara bildirmək istəyirik ki, son zamanlar müəyyən məmurlar dövlət müqaviləsi icraçısının seçimləri üzrə ticarət prosedurunun keçirilməsi ilə bağlı öz öhdəliklərinə məhəl qoymur və konkret firmalarla müqavilələr bağlayırlar.

Qanuna görə, belə bir müqavilənin məbləği 50 min matdan çox olduqda, onlara bu qədər vaxt verilmir. Ancaq qanunda bəzi istisna hallar var ki, tenderin keçirilməsini vacib etmir. Belə istisnalardan biri fövqəladə vəziyyət zamanı bağlanan sövdələrdir. Ancaq fövqəladə vəziyyət dedikdə, yanğınlar, daşqınlar və digər fəlakətlər nəzərdə tutulur. Yəni belə hallarda konkurs keçirməyə nə vaxt nə də şərait olur. Bizdə olan məlumatlara əsasən, hazırda məmurlar istənilən sənədi fövqəladə vəziyyət adı altında rəsmiləşdirə bilir.  Lakin yaşıllaşdırmanı da fövqəladə hal adı altında rəsmiləşdirmək, adama “ələ salmaq” kimi çıxır.  Həqiqi fövqəladə vəziyyət baş versə onlar nə edəcək?

Bir iş yenidən bahalı və keyfiyyətsiz görülməsi üçün, bahalı və keyfiyyətli şəkildə görülürsə,  o zaman, sonradan belə nöqsanları ört-basdır edə bilən  məmurları necəsə başa düşmək olar. Üstəlik belə,  o qədər də hiyləgərcəsinə hazırlanmamış maxinasiyaları heç də hər zaman vaxtında ifşa etmək mümkün olmur.

Ortabab şirkətin nə üçün onlarla bank hesabı var?

 Bir hal olmasaydı, bu məsələyə prinsipcə elə buradaca nöqtə qoymaq olardı. Ümumiyyətlə bunu bir cinayət və ya maliyyə pozuntusu kimi təsnif etmək olmaz. Hər ikisini qanunvericilikdə cəzası ağırdır. Özünə hörmət edən heç bir sahibkar buna getməz. Nə qədər güclü himayədarı olursa olsun,  buna “Bakı Abadlıq Xidməti” MMC-nin rəhbərliyi də getməz – büdcəni talan etmək səriştə tələb edir. .

Bununla belə, bu kimi hallar ciddi şəkildə düşündürür. TƏkcə jurnalist araşdırması ilə bu suala cavab tapmaq olmaz.  Bəs bunun mahiyyəti nədən ibarətdir?

Uğurlu şəkildə geridə qoyduğumuz “inkişaf etmiş sosializm” dövründə,  istənilən müəssisəsinin yalnız bir bank hesabı olurdu – rubl hesabı. Yalnız  idxal-ixrac əməliyyatları ilə məşğul olan ayrı-ayrı iri şirkətlərə valyuta hesabına icazə verilirdi.

Ancaq növbəti mərhələyə - “inkişaf etməkdə olan kapitalizm”ə qədəm qoyduqdan sonra bu qaydalar dəyişdi. Nəticə etibarı ilə, bu gün təkcə şirkətlər və müəssisələr deyil, eyni zamanda adi fiziki şəxslər ürəyi istəyən qədər bank hesabı aça bilir. Ona görə də, kiminsə pul qabında bir neçə bank kartının olması heç bir təəccüb doğurmamalıdır. Bunun öz üstün cəhətləri var. Başqa bankın bankomatından nağd pul çıxaranda müəyyən məbləğdə pul itiririk. Lazım olan bankların kartlarına sahib olmaqla artıq əlavə faizlərdən qurtulmaq olur.  

Ona görə “Bakı Abadlıq Xidməti” MMC kimi “qabaqcıl” şirkətin ölkənin bəzi banklarında bir neçə hesabının olduğunu təsadüfən öyrəndikdə buna heç də təəccüblənmədik. Bununla belə qəlbimizə düşən şübhə toxumları jurnalist araşdırmasını daha da önə aparmağa sövq etdi.

Şəhərin abadlığı ilə məşğul olan adi bir şirkətin bu qədər bank hesabı nəyinə lazımdır və ümumiyyətlə MMC-nin neçə bank hesabı var?

Sual yalnız ilk baxışdan sadə görsənir. Bir daha əmin olduq ki, bank sirri, keçilməsi çətin olan bir səddir. Ancaq “qan-tər” bahasına öyrənə bildik ki, MMC-nin bank hesablarının sayı 20-dən çoxdur. Bu hələ öyrənə bildiklərimizdir. “Bakı Abadlıq Xidməti” MMC-nin ümimilikdə neçə hesabı var, abadlaşdırma işi ilə məşğul olan  “ortabab şirkətin” onlarla hesabında nə qədər pul saxlanılır?

Hə, əziz oxucu, təkcə şirkətin manatla olan hesablarının ondan çox olduğunu öyrənə bildik – “Bank Respublika”da dörd hesab, “AG Bank”da üç hesab, “Caspian Development Bank”da iki hesab, “AtaBank”, “Bank of Baku”, Kapital Bank”-da hərəsinə bir hesab. Dollar hesablarının sayının isə altı olduğunu öyrəndik.  Elə həmin banklarda açılıb: “Caspian Development Bank” və “Bank Respublika” (hərəsinə iki hesab), “Kapital Bank”, “AG Bank” (hərəsinə bir hesab). Şirkətin bundan başqa həmin banklarda avro (üç), funt sterlinq və rublda olan hesabları da mövcuddur.

Gəlin bir daha bu şirkəti MİS-lərlə və Bakı yaşıllaşdırma təsərrüfat birliyi ilə müqayisə edək.  Birliyin cəmi bir hesabı var, o da manat hesabıdır. Valyutadan burada söz gedə bilməz.  Mənzil-istismar sahələrinə gəlincə, xarici valyutada olan bank hesablarını onlar yuxularında belə görə bilməzlər. Halbuki onların “qonşuluqda olan həmkarları” müxtəlif valyutalarda iri maliyyə əməliyyatları həyata keçirir.

Ancaq belə götürəndə demək olar ki, eyni işi yerinə yetirirlər. Şəhərin müxtəlif hissələrində olsalar belə. Axı onlar geoloji tədqiqat işi aparmır ki, torpağın kateqoriyasından asılı olaraq, qazma işlərinin qiyməti də dəyişsin.  Bəli torpaq və qaya təbəqəsinin qazılması eyni şey deyil. Ancaq bağların və küçələrin təmizlənməsi, ağacların və güllərin sulanması xərcləri bu işin kim tərəfindən şəhərin hansı hissəsində yerinə yetirilməsindən asılı olaraq dəyişə bilməz axı.  Qiymətin dəyişməsinə yalnız bir amil təsir göstərə  bilər – brend.

Belə olan halda dünya səviyyəli şirkət texniki və texnoloji baxımdan digər, heç kimin tanımadığı şirkətlərin çiyinlərinə götürə bilmədiyi yükü öz öhdəsinə götürür. Kim bilir, bəlkə “Bakı Abadlıq Xidməti” MMC həqiqətən qlobal brenddir, sadəcə Bakı sakinləri onun haqqında heç nə eşitməyib?

Ancaq bu hallar belə şirkətin çoxsaylı bank hesabları, həmçinin valyuta hesabları ilə müəmmanı aydınlaşdırmır. Üstəlik, şirkətin özündən artıq xaricdən heç bir bitki idxal etmədiklərini əmin edirlər.  Həm ağaclar, həm ot örtüyü artıq neçə illərdir ki, yeri istehsalçılardan alınır.

Yabanı baobablara və palmalara tələbat aşağı düşsə də, şirkətin maliyyə vəsaitinə o cümlədən valyuta vəsaitlərinə olan tələbi əks-mütənasib şəkildə artıb. Burada yalnız bir nəticə çıxarmaq olar.  Yəqin MMC qazon salmaqdan, bağları və küçələri təmizləməkdən, ağacları sulamaqdan bezib və iri biznesə girişməyə qərar verib. Abadlıqla nə qazanmaq olar axı? Ancaq iş belədirsə “Bakı Abadlıq Xidməti” MMC-nin  şəhərin abadlaşdırılması ilə bağlı brendini də dəyişmək lazımdır.  Çünki, deyək ki, kərpic istehsalı üzrə adı çıxarmış şirkətin kosmosun fəthinə girişməsi nə dərəcədə düzgün olar?  Ona görə də nə nəticə etibarı ilə “qapalı bir halqa” ilə üz-üzə gəlirik. Ha tərəfdən yaxınlaşırsan yaxınlaş, onlarla bank hesabı ilə bağlı müəmmanın sirrini aça bilmirsən.  Oxşar mənzərə ilə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin işində də müşahidə olunurdu. Canik, həyat yoldaşı və qızı  çoxsaylı manat və valyuta bank kartları ilə sağa-sola milyonları xərcləyir və bu pulların haradan gəldiyinin düşüncəsinə dalmırdı.  Ancaq o Canik idi, və çətin ki, onun  bu hərəkətini təqlid etmək kiminsə ağlına gəlsin. Digər yandan keçmiş bankir bunun bədəlini ödəməli olub – 14 il azadlıqdan məhrum edilib. MMC-də onun yeni davamçılarının ortaya çıxdığını düşünmək istəməzdik...



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018