Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (11-11-2014, 15:09)
Bazarda “qulaq kəsənlər“ - Araşdırma

Süfrələrimizə niyə zərərli məhsullar verilir?

 

Azərbaycan Bakıda bir nəfər göyərti alverçisi var - həftədə 1000 manat pul qazandığını deyir. “Kənddən göyərtinin dəstəsini 6 qəpikdən alıram, yarmarkada 10 qəpikdən verirəm. Hər həftə 25 min dəstə satıram”, - deyə 50 yaşlı Zirə sakini ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.
İşə ailəlikcə qoşulublar, eyni piştaxta arxasında 3-4 nəfər dururlar, həyat yoldaşı və 2 oğlu da onunla birlikdə mal satır - gün ərzində 700-1000 müştəriyə xidmət eləmək asan deyil. “Məsələnin ayrı çətinliyi də var - yarmarkanın başqa alverçiləri mənə düşmən kimi baxırlar. Onlar göyərtini 14-15 qəpikdən satırlar, çünki alverçidən götürürlər, camaat da əsas məndən alır”,- deyə o əlavə edir.
Məsələ çox sadədir. Məhəllə camaatı həftənin son günlərində keçiriləcək yarmarkanı gözləyir və dükanda dəstəsi 20 qəpiyə satılan göyərtini yarmarkadan 10 qəpikdən alır. Hər ailə təxminən 20-25 dəstə ilə həftəni yola verir. Yəni alan da, satan da, hələ üstəlik məhsulu istehsal edən kəndli də razı qalır. Niyə də razı olmasın, hər halda son gəlirin 60 faizi ona qalır.
Amma saytın araşdırmasına görə, bunu heç də Bakıda satılan kənd təsərrüfatı mallarına şamil eləmək olmaz. Dükan və bazarda satılan əksər kənd təsərrüfat malları istehsal qiymətindən 3-4 dəfə baha satılır. Mexanizm sadədir və sadə bir misalla bunu izah etmək çox rahatdır. Məsələn, hansısa alverçi Qazaxdan əriyin kiloqramını 20 qəpikdən alır və Bakıya gətirir. Təbii ki, o, şəhərə girmir və malını Lökbatan tərəfdəki topdansatış bazarında kiloqramı 40 qəpikdən yeşiklərlə satır. Onların əsas müştəriləri şəhər dükanlarında və bazarlarında işləyən ticarətçilərdir. Həmin ticarətçilər də götürdükləri məhsulu orta hesabla 80 qəpikdən satırlar.
Göründyü kimi, məhsulun il ərzində əziyyətini çəkib yetişdirərək süfrələrə göndərən istehsalçıya yalnız qəpik-quruş qalır. Digər tərəfdən, Bakıda və digər iri şəhərlərdə “formalaşmış” alverçi şəbəkəsi daima pressinq göstərərək kəndli təsərrrüfatlarından məhsulu daha ucuz almağa çalışır. Hətta bunun izləri statistikada özünü göstərir. Statistikaya görə, təkcə keçən ay ölkə üzrə almanın istehsalçı tərəfindən satış qiyməti 9,4 faiz, armudunku 4,1 faiz, zoğalın istehsalçı qiymət isə 9,4 faiz azalıb. Yəni bu cür misalları çox göstərmək olar.
Yaranmış vəziyyət kəndli təsərrüfatlarında məhsul istehsalına marağı azaldır. Çünki satılan məhsuldan əldə edilən gəlir kəndlinin dolanışığını təmin etmir və o, alternativ yollar axtarır. Bunun nəticəsində, kənddə ənənəvi məhsul istehsalçıları yoxa çıxır. Bakı bazarlarında onların məhsullarının yerini ya yerli istixana məhsulları, ya da ucuz xarici mallar tutur. Meyvə-tərəvəz bazarlarında son zamanlar müşahidə olunan növ cırlaşması məhz bununla bağlıdır. Uduzan isə şəhər istehlakçısıdır, adətən konveyer üsulu ilə yetişdirilən kənd təsərrüfatı məhsullarının zərəri faydasından çox olur.
Məntiqlə düşünmək olar ki, rayonlardan mal gətirən alverçilər özləri bu sistemi dağıda bilərlər. Yəni onlar malı birbaşa bazarlara aparıb özləri sata bilər və kənd təsərrüfatı məhsullarının bu 3 dəfə əl dəyişdirərək 4 dəfə bahalaşması baş verməz. Nəzəri cəhətdən belədir, amma reallıqda isə bu heç cür mümkün deyil. Bakıda sayı xeyli azalmış bazarlara kəndli, yaxud alverçi birbaşa mal gətirə bilməz, çünki onu bazara buraxmırlar. Bazarın girişində fəaliyyət göstərən topdansatışçılar isə malın qiymətini həddindən aşağı salırlar. Ona görə də o, gətirdiyi malı Lökbatanda topdansatış qiymətinə satmağa üstünlük verir.
Kənddə məhsulu yetişdirən fermerlərin bazarlara mal gətirməsi də çətin məsələdir. İlk növbədə, onların bu işi görmək üçün nəqliyyat vasitəsi yoxdur. Nəqliyyat vasitəsi olanlar isə Bakıya mal gətirə bilməzlər, çünki yolda Nəqliyyat Nazirliyinin və Dövlət Yol Polisinin əməkdaşlarının yerli-yersiz yaratdığı maneələri keçib gələ bilməzlər. Ümumiyyətlə, Bakıya rayonlardan məhsul gətirən maşınların bu işi görmək üçün hansı “qaydalara” əməl etməsi qaranlıq məsələdir. Nabələd adam bu yolları heç cür keçə bilmir.
Hələ ki, problemi az-çox şəhərdəki yarmarkaların fəaliyyəti yüngülləşdirir. Yəni camaatın imkansız hissəsi gözləyərək, həftə sonunda yarmarkalardan alış-veriş edir. Yarmakalarda qiymət nisbətən ucuz, çeşid isə bol olur. Lakin rayonlardan daima mal daşıyan alverçilərin yarmarkalara girişi qeyri-mümkündür. Mövcud qaydalara görə, yarmarkada yalnız məhsulun birbaşa istehsalçıları satış təşkil edə bilərlər. Təbii ki, belə olanda yarmarkalara əsasən konveyer üsulu ilə texniki məhsul istehsal edən iri istehsalçılar girir. Yaşadığı kənddən xüsusi arayış gətirə bilən alverçilər də yarmarkalarda ucuz məhsul sata bilirlər.
Amma bu da problemi tam həll edə bilmir və kənddə istehsal edilən keyfiyyətli məhsullar şəhər əhalisinin süfrəsindən kənarda qalır. Vəziyyətin düzəldilməsi üçün hökumət səviyyəsində “Yaşıl marketlər” layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulur. Əslində, “yaşıl marketlər”in sovet dövrünün “Azərittifaq”ı kimi fəaliyyət göstərəcəyi, kənddən keyfiyyətli məhsulları əlverişli qiymətə şəhər dükanlarına gətirəcəyi düşünülürdü. “Yaşıl marketlər”in pərakəndə ticarətdə istehsalçı qiymətlərinin üzərinə maksimum 30% qoyacağı ehtimal edilirdi, Lakin aradan xeyli keçib və Bakı sakinləri “Yaşıl market”in nə olduğunu hələ də görə bilmirlər.
Düzdür, Kənd Təsərrüfatı Nazirliyindən (KTN) bildiriblər ki, layihə üzrə tezliklə tutarlı addımlar açıqlanacaq və Bakı əhalisi yenidən keyfiyyətli yerli məhsullarla qidalanacaq. Amma... Nə isə, yaşayarıq, görərik. Belə vədləri verən çox olub...
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024