"Final görüşü üçün hər şeyi düzgün qurmuşdum və yaxşı fikirləşmişdim".

Mediatv.az-ın məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

65 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibin fiziki cəhətdən zəif olduğunu bildirib: "Bunu döşəkdə hiss edirdim. Sonuncu saniyələrdə ayağıma girdi. Görüş ərzində 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Axırda isə ayağımı verdim. Ancaq rəqib heç nədən görüşü saxlayırdı. Güya zədə almışdı. Tez-tez görüşü saxlayır və güləşə zidd hərəkətlər edirdi. Kəllə vururdu və cırmaq atırdı. Qızıl medal üçün hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Demək, qismətimizdə bu var imiş".

30 yaşlı güləşçi hakimlərin düzgün qərar verdiyini bildirib: "Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Əlimdən gələni etdim. Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirdim. Bəlkə də son olimpiadamdır. Təəssüflənmirəm. Medal qazana bilməyən idmançılarımız da oldu".