Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (15-02-2014, 16:58)
MTN generalı Ziya Yusifzadənin 85 yaşı tamam oldu

 

 

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadənin doğum günüdür


General-mayor İsgəndər Allahverdiyev “Azərbaycan” qəzetinin bugünkü sayında bu münasibətlə yazı ilə çıxış edib. Virtualaz.org saytı “Şərəfli ömür yolu” adlı həmin məqaləni təqdim edir:

*    *    *

Mənalı ömür yolu nəsillərə örnək olan Ziya Yusif-zadənin mühüm tarixi dövrü əhatə edən həyatı, şərəfli əmək fəaliyyəti, əldə etdiyi nailiyyətlər sadalamaqla bitən deyil.

Çoxsaylı dövlət mükafatları, orden-medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr ləyaqətli və səmərəli ömür yolundan soraq verir. Onun yetirmələri, bu və ya digər şəkildə kömək, qayğı göstərdiyi kadrlar hazırda müstəqil Azərbaycanın təhlükəsizliyinə şərəflə xidmət edirlər. O, Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlıq tarixinə dəyərli töhfələr verən əməkdaş və rəhbərlərdəndir.

Vətənə xidmətdən yorulmaq bilməyən bu insanın - Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadənin rəhbərliyi ilə bu mühüm təhsil ocağında bu gün keçmiş təcrübəyə, müsbət ənənələrə söykənərək müstəqil ölkənin milli maraqlarına və dövlət mənafelərinə, çağdaş dövrün reallıqlarına, çağırış və tələblərinə uyğun tədris işi təşkil olunur və aparılır. Tədrisin əsasını ulu öndər Heydər Əliyevin peşəkarlıq məktəbi və dövlətçilik amalları təşkil edir.

General-leytenant Ziya Yusif-zadə 1929-cu il, fevralın 15-də Azərbaycanın qədim diyarı olan Şəkidə, yazıçı-publisist Məmmədiyyə Yusif-zadənin ocağında dünyaya göz açıb.

Böyük Vətən müharibəsi başlayan ərəfədə Zaqatala rayon maarif şöbəsinin müdiri vəzifəsində çalışan Məmmədiyyə Yusif-zadə müharibəyə getməkdən azad edilməsinə baxmayaraq təkidli müraciətdən sonra nəhayət ki, könüllü olaraq cəbhəyə yollanır. O, müharibənin çətin yolları iləı mərdliklə irəliləyərək  Berlinə qədər döyüş yolu keçir və 1946-cı ildə vətənə qayıdır. Atasının müharibədə olduğu müddət ərzində ailənin qayğı yükü kiçik Ziyanın kövrək çiyinlərinə düşür və o, bu yükü ləyaqətlə daşıyır. Yeniyetmə çağlarında çətinliklərlə üzləşsə də gələcəyə inamını itirmir. Həyat onu çox sınaqlara çəkir, lakin o, bütün çətinliklərə mətanətlə sinə gərir. Hələ məktəbli ikən 15 yaşlı Ziyanın dövlət tərəfindən “Rəşadətli əməyə görə” medalı ilə təltif olunması yuxarıda qeyd etdiklərimizi bir daha təsdiqləyir.

Ziya Yusif-zadə Zaqatalada orta məktəbi qızıl medalla bitirdikdən sonra Moris Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olur və həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirir. 1952-55-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə çalışır. 1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində (DTK) əmək fəaliyyətinə başlayır.

Ziya Yusif-zadə işinə məsuliyyətli yanaşması, yüksək intellektual səviyyəsi, özünə və tabeçiliyində olanlara tələbkarlığı və qayğısı ilə seçilir. Bunlar onun sıravi işçidən Azərbaycan DTK-nın sədri vəzifəsinə qədər yüksəlməsinə gətirib çıxarmışdı.

Qısa müddət ərzində təhlükəsizlik orqanlarında ən çətin və olduqca məsul vəzifələrdə çalışaraq 1970-76-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-80-ci illərdə DTK sədrinin birinci müavini, 1980-88-ci illərdə DTK-nın sədri vəzifəsində işləyib. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsini alıb.

Yuxarıda göstərilən müddət ərzində Ziya Yusif-zadə bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdi. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olub.

Ziya müəllim sərbəst dörd xarici dil bilir. Bu xüsusatla, habelə səriştəsi və peşəkarlığı ilə əlaqədar orqanlarda fəaliyyəti dövründə bir çox xarici dövlətlərdə qısa və uzunmüddətli xidməti ezamiyyətlərdə olub.

Ziya Yusif-zadənin Azərbaycan DTK-ya rəhbərlik etdiyi dövr (1980-1988) keçmiş SSRİ məkanında ictimai-siyasi həyatda böyük dəyişikliklərin, mürəkkəb proseslərin baş verdiyi bir dövr idi. Məhz həmin dövrdə millətlər arasında münaqişələrə start verildi. 1987-ci ildə Heydər Əliyev Mixail Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq istefa verdikdən sonra erməni separatçıları Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün açıq mübarizəyə başlamışdılar. Ziya müəllim bu ağrılı hadisələrin canlı şahidi olub.

Məlum hadisələr zamanı SSRİ-nin bir dövlət kimi gücə və hegemonluğa söykənən siyasi platformasında Azərbaycan xalqına qarşı haqsızlıqlar xüsusi yer almışdı. 20 yanvar hadisələrindən sonra Moskvanın emissarı kimi ölkə rəhbərliyinə gətirilmiş, mənasız hərəkətləri və məntiqsiz nitqləri lətifəyə çevrilən Əbdürrəhman Vəzirov, əlbəttə, ulu öndər Heydər Əliyevin yaxın silahdaşı, yüksək peşəkarlığı, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyətinə malik, böyük idarəçilik məktəbi keçmiş Ziya Yusif-zadəni dövlətin ən mühüm postlarından birində saxlamaq istəməzdi və belə də oldu. 1988-ci ildə Azərbaycan DTK-nın sədri vəzifəsindən kənarlaşdırılsa da əmək fəaliyyətinə və həyat təcrübəsinə həmişə və hər yerdə ehtiyac duyulan bu şəxs Nazirlər Kabinetində məsul vəzifədə çalışdı. Belə ki, Ziya Yusif-zadə 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində olduqca mühüm sahədə - millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib.

1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev müasir tariximizə xalqımızın xilaskarı, müstəqil dövlətçiliyimizin memarı və qurucusu kimi daxil oldu. Ulu öndər müstəqilliyin qorunub saxlanılması üçün, ilk növbədə ölkədə sabitliyin və ictimai asayişin təmin olunmasının, qanunçuluğun möhkəmləndirilməsinin vacibliyinə, bu işdə hüquq-mühafizə, xüsusilə təhlükəsizlik orqanlarının fəaliyyətinə böyük önəm verirdi. O, müstəqil dövlətdə xüsusi xidmət orqanının fəaliyyətinə, zamanın tələblərinə uyğun yenidən formalaşmasına diqqətlə yanaşır və deyirdi: “Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın dövlət orqanları arasında xüsusi yer tutur və arzu edirəm ki, öz əməli işinizlə, fəaliyyətinizlə belə yüksək yer tutmağa həmişə nail olasınız”.

Azərbaycan təhlükəsizlik orqanlarında hərtərəfli dünyagörüşünə, dərin biliyə malik kadr potensialının formalaşmasına, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə daim diqqət və xüsusi tələbkarlıqla yanaşan ulu öndər Heydər Əliyev bunun üçün respublikamızda xüsusi təhsil ocağının olmasını vacib sayırdı. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında 1 dekabr, 1998-ci il tarixli sərəncamı ilə prezident Heydər Əliyev belə bir məktəbin təməlini qoydu və bu təhsil ocağının formalaşması ilə bağlı çətin, eyni zamanda məsuliyyətli vəzifəni birgə fəaliyyət dövründən yaxından tanıdığı və qabiliyyətinə inandığı Ziya Yusif-zadəyə tapşırdı. MTN-in Akademiyasının rəisi vəzifəsinə Ziya Yusif-zadənin təyinatı təsadüfi deyildi. Ulu öndər əmin idi ki, onunla uzun illər birlikdə çiyin-çiyinə çalışmış, necə deyərlər, sınaqdan, bərkdən-boşdan çıxmış Ziya Yusif-zadəyə bu cür çətin və məsuliyyətli işi etibar etmək olar.

Bu gün xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan akademiya müstəqil dövlətçiliyə, vətənə və xalqa ləyaqətli xidmətin parlaq nümunələrini özündə yaşadır.

Akademiya yarandığı gündən ona rəhbərliyi uğurla həyata keçirən general-leytenant Ziya Yusif-zadə böyük şəxsiyyət Heydər Əliyev tərəfindən bu vəzifəyə təyin olunduğunun məsuliyyətini bir an belə unutmur, şəxsi heyətlə görüşlərində təyinat gününün unudulmaz anlarını daim xatırlayaraq sanki bu məsuliyyətin hər kəsə sirayət etməsinə çalışır. Ziya müəllim gənc nəslin tərbiyəsində Heydər Əliyev fenomeninin, onun ülvi amallarının gələcəyin qurucularına çatdırılmasının ən mühüm faktor olduğunu daim önə çəkir. Hər söhbətdə ulu öndərin şəxsi keyfiyyətlərindən, peşəkar fəaliyyətindən yeni-yeni faktlar söyləməsi, maraqlı hadisələri xatırlaması dinləyicidə heyrət və qürur doğurur. Belə söhbətlərdən sonra hər kəs Ziya müəllimlə yeni görüşə, yeni faktları eşitməyə can atır.

Ziya müəllim keçmiş illəri yada saldıqda xalqımızın ümummilli lideri Heydər Əliyevi böyük ehtiramla xatırlayır və qeyd edir ki, özünün orqanlardakı müvəffəqiyyətli inkişafı məhz ulu öndərlə bağlıdır. Onun ümummilli liderimizin orqanlarda fəaliyyəti barədə çıxışları gələcəyin zabitləri tərəfindən olduqca maraqla qarşılanır. Hər bir çıxış özündə Heydər Əliyevin yüksək peşəkarlığını, milli təəssübkeşliyini, geniş siyasi dünyagörüşünü, ekstremal şəraitdə təmkinliyini, çətinlikləri böyük məharətlə dəf etmək bacarığını, hər bir insana fərdi yanaşmasını, xalqını və torpağını hədsiz dərəcədə sevməsini şəxsi heyətə incəlikləri ilə çatdırır və əbədi olaraq onların yaddaşına həkk etdirir.

Ziya müəllim ümummilli liderin qətiyyətli tövsiyəsi ilə bu mühüm missiyanı üzərinə götürərkən, görüləcək işlərin vacibliyini və məsuliyyətini yaxşı dərk edirdi. Əvvələr respublikalarda heç bir vaxt ayrıca möcvud olmayan xüsusi ali hərbi təhsil ocağının və burada mükəmməl tədris sisteminin təşkili heç də asan deyildi. İlk dövrdə Azərbaycanın qarşısında Dövlət Sərhəd Xidməti üçün ali savadlı zabitlərin və sərhəd nəzarətçilərinin hazırlanması da çox vacib idi. Bunları təşkil etmək üçün mükəmməl tədris bazasının yaradılması lazım idi və bu iş qısa müddətdə təşkil olunmalı idi.

Böyük coşqunluqla respublikamızda yeni və spesifik təhsil işinin təməlini qoyan Ziya müəllim nüfuzundan istifadə edərək akademiyada tikinti-quruculuq işlərinin sürətlə aparılmasına nail oldu, eyni uğurla təhsil prosesinə start verildi, kafedralar, fakültələr təşkil edildi, yeni təyinat almış professor-müəllim heyəti ilə dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, tədris proqramlarının hazırlanmasına başlanıldı.

Ziya müəllim çətinliklərdən və Akademiyanın inkişaf yolundan söhbət açanda 2004-cü ili MTN-in əməliyyat-xidməti fəaliyyəti, eləcə də bu təhsil ocağı üçün dönüş ili kimi səciyyələndirir. O, general-leytenant Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsinə təyinatından iki gün sonra akademiyaya gələrək buradakı vəziyyətlə ətraflı tanış olmasını, həyata keçirilən təmir-tikinti və quruculuq işlərinə gündəlik nəzarəti və tələbkarlığını xüsusi vurğulayır. Həqiqətən də həmin dövrdən başlayaraq akademiyada aparılan təmir-tikinti və quruculuq işləri daha geniş, beynəlxalq standartlara və müasir tələblərə uyğun vüsət aldı. General-leytenant Eldar Mahmudovun mütəmadi olaraq akademiyanın mövcud problemləri ilə maraqlanması və onları dərhal yerindəcə həll etməsi, təlim-tədrisin səviyyəsinin daha da yüksəldilməsinə və səmərəliliyinin artırılmasına ciddi təkan verdi. Bu proses indi də uğurla davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin nəsillərə örnək fəaliyyətini əks etdirən “Şöhrət” muzeyinin yaradılması, akademiyanın həyətində dahi insanın möhtəşəm abidəsinin ucaldılması, yeni inzibati binaların və tədris korpuslarının, müasir standartlara cavab verən yataqxanaların, idman sağlamlıq mərkəzinin tikilməsi, tədris otaqlarının, kriminalistika laboratoriyalarının, linqafon kabinetlərinin, kompyuter zallarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan klubların ən müasir avadanlıqlarla və texniki ləvazimatlarla təchiz olunması, zəngin fonda malik xüsusi və ümumi kitabxanaların istifadəyə verilməsi milli təhlükəsizlik nazirinin bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilən işlərin yalnız bir hissəsidir.

General-leytenant Eldar Mahmudovun təşəbbüsü və prezident İlham Əliyevin 20 dekabr 2005-ci il tarixli sərəncamı ilə akademiyaya Heydər Əliyevin adının verilməsi çox böyük hadisə idi.

Ali Baş Komandanın 2006-cı il martın 27-də akademiyaya gəlişi “Şöhrət” muzeyinin, ümummilli liderin əzəmətli abidəsinin açılışı mərasimində iştirakı, abadlıq və quruculuq işləri ilə yerində tanış olması təhsil müəssisəmizin tarixində yeni və parlaq səhifə açdı.  Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən akademiyaya əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan Döyüş Bayrağının şəxsən təqdim olunması isə Azərbaycan dövlətçiliyinə sədaqətini əməli fəaliyyəti ilə sübuta yetirmiş kollektivimizə böyük inamın və etimadın təzahürü idi.

Həmin gün prezident şəxsi heyətlə görüşündə demişdi: “Bu gün akademiya ilə tanış olarkən gördüm ki, burada işlər yüksək səviyyədə qurulub, qısa müddət ərzində böyük təmir-tikinti işləri aparılmışdır. Akademiyanın binaları yüksək səviyyədə təmir olunmuş, yeni avadanlıq quraşdırılmışdır. Bir sözlə, indi akademiya ən yüksək standartlara cavab verir”.   

Bu sözlər akademiyanın fəaliyyətinə verilən ən yüksək qiymət, eyni zamanda Akademiya rəhbərliyinin, general-leytenant Ziya Yusif-zadənin çətin, gərgin vəzifələrin öhdəsindən bacarıqla gəlməsinin tutarlı ifadəsi idi. SSRİ Dövlət Təhlükəsizlik orqanlarının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı, general-leytenant Ziya Yusif-zadə prezident İlham Əliyevin sərəncamlarına əsasən 2004-cü ildə “Azərbaycan bayrağı”, 2009-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Ümumən, Ziya müəllim xidmət etdiyi dövrlər ərzində Azərbaycan Respublikasının, SSRİ-nin və bir çox xarici dövlətlərin 40-dan artıq orden və medalı ilə təltif edilib.

Bu gün MTN-in Heydər Əliyev adına Akademiyası xalqa, vətənə, dövlətə ləyaqətli xidməti ilə nümunə olan şəxsi heyətinə, intellekt səviyyəsinə və dünyagörüşü ilə yüksəklərdə duran professor-müəllim heyətinə, müstəqil Azərbaycanın təhlükəsizliyinin qorunmasını həyat amalı kimi seçən kursant və dinləyici auditoriyasına malik, təhsilə novator yanaşma metodlarının uğurla tətbiq olunduğu möhtəşəm və müasir tədris ocağıdır. Tədrisdə başlıca deviz - Heydər Əliyev amallarına və peşəkarlıq ənənələrinə, müstəqilliyə və dövlətçiliyə sədaqət, vətənpərvərlik və təhsildə yüksək göstəricilərə malik olmaqdır.

95 yaşlı Azərbaycan təhlükəsizlik orqanlarının 15 yaşlı akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadənin 85 yaşı tamam olur. Ömrünün 58 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş bu insanın çoxillik həyat təcrübəsi ilə yanaşı həm də dərin yeniləşməyə, müasirləşməyə meylli yaratmaq və qurmaq həvəsi Ziya Yusif-zadə şəxsiyyətinin bütövlük rəmzinin ifadəsi, onun mühüm bir sahəyə uğurlu rəhbərliyinin başlıca şərtidir.(virtualaz.org)

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024