Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (26-11-2014, 20:25)
Rövnəq Abdullayevin oğlu ARDNŞ-in pullarını necə xərcləyir?

Rövnəq Abdullayevin oğlu ARDNŞ-in pullarını necə xərcləyir?

 

 

21 yaşlı Rəşad Abdullayev Türkiyədə beş şirkət, istirahət mərkəzi, restoran və digər əmlaklara necə sahib olub?
Məmur-oliqarxlar övladlarının nüfuzunu artırmaq üçün xalqın pullarını sağa-sola xərcləyir
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsində Azərbaycanla bağlı növbəti araşdırma materialı hazırlanıb. Budəfəki araşdırma Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin 21 yaşlı oğlunun dövlətin vəsaitindən öz şəxsi pulu kimi istifadə edərək, çoxsaylı şirkətlərə, restoran, istirahət mərkəzi və s. əmlaklara sahib olmasından bəhs edilir. Jurnalist Xalid Kazımovun hazırladığı və ingilis dilində yayımlanmış  materialın tərcüməsini təqdim edirik:
Rəşad Abdullayevin yaşıdları iş tapmır, o isə...
Rəşad Abdullayevin 21 yaşı olsa da, çox məşğuldur. Azərbaycanda onun yaşında olan bir çox gənclər karyerasında başlanğıc üçün lazım olan səviyyədə iş tapanda çox sevindiyi bir vaxtda, bu gəncin iş avtobioqrafiyası adamı təəccübləndirəcək dərəcədə zəngindir.
O, eyni zamanda, atasının rəhbərlik etdiyi Azərbaycan Dövlət Neft Şirkətinin - ARDNŞ-in pullarından şəxsi vəsaitləri kimi istifadə edərək, özünü Türkiyədəki azərbaycanlı tələbələrə xeyriyyəçi kimi tanıtdırıb.
O, 2010-cu ildə 17 yaşında Türkiyənin Kox universitetində kimyəvi maşınqayırma fakültəsində təhsil almaq üçün Istanbula gəlib. Gələn kimi də “SOCAR Trading” şirkətində işə başlayıb. Bu şirkət ARDNŞ tərəfindən Azərbaycan neftinin dünya bazarında satışının təşkili məqsədilə yaradılıb.
Rəşad Abdullayev ARDNŞ prezidenti Rövnəq Abdullayevin oğludur. Son dörd ildə Rəşad Abdullayev SOCAR-ın bir neçə törəmə müəssisəsində işləyib.
Vəkil Müzəffər Baxışov deyir ki, Azərbaycan qanunlarında maraqların toqquşması məsələsi aydın şəkildə öz əksini tapıb. Anti-korrupsiya qanunvericiliyinə görə, seçkili orqanlar və müəyyən hallar istisna olmaqla, vəzifəli şəxslərin yaxınları onların rəhbərlik etdiyi qurumlarda hər hansı vəzifə tuta bilməz.
Belə hal baş verəndə qohumlardan biri ya 30 gün ərzində istefa verməli, ya da işdən çıxarılmalıdır. Rəşad Abdullayevə, eləcə də şirkətin digər təmsilçilərinə onun SOCAR-da çalışmasının qanunvericiliyə nə dərəcədə uyğun olub-olmadığı barədə dəfələrlə suallar ünvanlansa da, onlar cavab verməkdən yayınıb.
Bundan başqa, Rəşad Abdullayev SOCAR-la əlaqəli bir neçə işə rəhbərlik edir: Məsələn, The Alpha Roger Project (www.alpharoger.com.tr) daşınmaz əmlakla məşğuldur. Rəşad Abdullayevin sahiblik etdiyi digər müəssisələr tikinti, dəniz və hava daşımaları, insan resurslarının idarə olunması, konsultasiya, neft məhsullarının satışı ilə məşğul olur.
“The Alpha Roger Project”in Azərbaycan bölməsinin qeydiyyatdan keçdiyi ünvan Rəşad Abdullayevin ana babası Adəm Əliyevin evidir. 68 yaşlı Adəm Əliyev də Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə SOCAR-la əlaqəlidir.
Rövnəq Abdullayevin oğlu Türkiyədə otellər açacaq
Ötən ilin noyabrında Türkiyədə “Quality” jurnalına müsahibəsində bildirib ki, o, “Petkim Petrokimya”da da çalışıb. Lakin konkret hansı vəzifədə işlədiyini deməyib. “Petkim” də Rəşad Abdullayevin bu şirkətdə iş təcrübəsi haqda sualı cavablandırmayıb.
Qeyd edək ki, “Petkim”in səhmlərinin 51 faizi “SOCAR Petkim Petrokimya”ya məxsusdur.
Kiçik Abdullayevin SOCAR-la əlaqəli olmayan ən azı, bir başqa biznesi də var. O, “Quality”ə müsahibəsində bildirib ki, Türkiyənin Bodrum şəhərində “B-LONG” istirahət mərkəzi və restoranın sahibidir. OCCRP onun mülkiyyətini təsdiq edən sənədləri əldə edə bilmədi.
Həmin müsahibədə o, gələcək planlarından da danışır. Bildirir ki, Istanbulda və digər şəhərlərdə otellər açmaq niyyətindədir.
Rəşad Abdullayev xeyriyyəçilik sahəsində də fəallıq edir. Biznesdə olduğu kimi, xeyriyyəçilik məsələsində də SOCAR-la sıx əlaqəli olduğunu görünür.
Türkiyədə 200 azərbaycanlı tələbə üçün Rəşad Abdullayev qəhrəman kimidir. Çünki onlara pul verir. Halbuki, həmin pullar əslində, SOCAR-dan gəlir. SOCAR isə 100 faiz dövlət müəssisəsidir. Deməli, tələbələrə verilən həmin pullar da Azərbaycan xalqınındır.
Universiteti hələ bitirməmiş Rəşad Abdullayev Türkiyədə beş şirkətin yeganə sahibidir. 
Kiçik Abdullayev Türkiyədə qeydiyyatdan keçmiş və qeyri-kommersiya təşkilatı olan Azərbaycan Insan Kapitalının Inkişaf Mərkəzini (AZEDER) idarə edir.
Hazırda Türkiyədə 6901 azərbaycanlı tələbə təhsil alır. 2007-ci ildən bəri 558 azərbaycanlı tələbə Azərbaycan hökumətindən birbaşa yardım alıb. Qalanları ya özü-özünü maliyyələşdirib, ya da başqa mənbələrdən yardım alıb.
Dövlət yardımı o qədər də çox deyil. Türkiyədə təhsil xərcləri kifayət qədər aşağıdır, hətta kasıb tələbələr də başqa mənbələrdən azacıq yardım alsa, yaşaya bilər. Türkiyə hökuməti 16 Türk respublikasının tələbələrindən digər ölkələrdən olan əcnəbilərlə müqayisədə 3 dəfə az təhsil haqqı alır.
Azərbaycanda dövlətin yardım paketində tələbələr üçün aylıq 100 dollar təqaüd və ildə iki dəfə gediş-qayıdış bileti nəzərdə tutulub.
Dövlətin pulunu AZEDER-ə kim verir?
Türkiyə hökuməti bütün azərbaycanlı tələbələrə tibbi sığorta, yataqxanalarda pulsuz yaşayış, gündə iki dəfə yemək və aylıq 20 dollarlıq təqaüd verir.
2013-cü ildə Istanbul Texniki Universitetində oxumuş Hikmət Qasımzadə deyir ki, orada təhsil alarkən aylıq 55-110 dollar arası pul xərcləyir.
Tələbələrin bir çoxu yalnız Türkiyədən yardım alır. Əgər onlar yataqxanada yox, evdə qalmaq istəsələr, kirayə çarpayı üçün ayda 300 dollar verməlidir.
Səhnəyə Rəşad Abdullayev çıxır.
Onun rəhbərlik etdiyi mərkəz 200 azərbaycanlı tələbəyə ayda 100 dollar pul verir. Yəni, ilə təxminən 240 min dollar pul xərcləyir. Tələbələrin sözlərinə görə, bu təqaüdü almaq üçün onlar heç bir imtahandan keçməyiblər, hər hansı başqa tələb olmayıb. Sadəcə, bu təqaüdü almaq üçün AZEDER-in saytına müraciət ediblər.
Təqaüd verilən tələbələrin necə seçildiyi barədə suala Azərbaycan Insan Kapitalının Inkişaf Mərkəzindən də heç bir cavab verilməyib.
Bu təqaüd tələbəyə yalnız bir il verilir. Həm bakalavr, həm də magistr və doktoranturada təhsil alanlar bu təqaüd üçün müraciət edə bilər.
AZEDER-in hardan maliyyələşməsi haqda suala da cavab verməyib. Lakin bu təşkilatın Türkiyədə keçirdiyi çoxsaylı tədbirlər zamanı otaqlarda SOCAR-ın bannerləri olur.
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov və şirkətin Türkiyədəki nümayəndəsi Kənan Məmmədov öz müsahibələrində SOCAR-ın AZEDER-ə səxavətli dəstəyindən danışıb.
Lakin nə SOCAR, nə də Mərkəzdən tələbələrə yardımdan başqa, inzibati işlər və digər xərclər üçün nə qədər pul verildiyi haqda suala cavab verilməyib.
Məlumdur ki, AZEDER tərəfindən dəstək tələbələrin karyerası üçün vacib addımdır. Istanbul Universitetinin tələbəsi Şükran Qarayev “Statoil” (Norveçdə), “Petkim Petrokimya” (Türkiyədə) və ya BP kimi böyük neft şirkətlərində təcrübə keçmək üçün seçilməyə çalışır. Və yaxud da Avropa Gənclər Parlamentinə seçilmək istəyir. Bu proqram 41 ölkədən olan gəncləri birləşdirir. Gənclər parlamentinin məqsədi gənclərin siyasi cəhətdən maarifləndirilməsi, vətəndaş məsuliyyəti və mədəniyyətlərarası dialoqun təşviq olunmasıdır.
Qarayev hesab edir ki, AZEDER-i seçməkdə pul əsas rol oynamır: “Rəşad Abdullayevin çox böyük rolu var”.
O, Rəşad Abdullayevdən danışarkən deyir ki, Azərbaycanda ən güclü adamlardan birinin oğlu olmasına baxmayaraq, səmimi və ciddi gəncdir.
Azərbaycan xalqının hesabına keçirilən Yeni il
Rəşad Abdullayev yorulmadan Mərkəz üçün sosial tədbirlər həyata keçirir, bütün bunlar SOCAR-ın pulu ilə həyata keçirilir. AZEDER-in rəsmi saytındakı informasiyalar Istanbulda çoxsaylı qəbullar və naharlardan bəhs edir. Həmin tədbirlərdə də yüzlərlə tələbə iştirak edib.
2013-cü ilin 21 sentyabrında AZEDER-in çox təmtəraqlı şəkildə rəsmi açılışı olub. Həmin tədbirdə Rəşad Abdullayev vəd edib ki, Mərkəz beynəlxalq arenaya çıxacaq. Amma eyni zamanda, yerli layihələri də davam etdirəcək və təxminən 7000 azərbaycanlı tələbə bundan faydalanacaq.
AZEDER-in ilk tədbirlərindən biri “Kent Hotel”də, 400 tələbənin iştirakı ilə keçirilib. Tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi, SOCAR və neft daşınmasında ARDNŞ-in tərəfdaşı olan “Palmali Group” maliyyələşdirib.
SOCAR-ın Türkiyə ofisinin sponsorluğu ilə ötən il oktyabrın 17-də azərbaycanlı tələbələr üçün Qurban bayramı münasibətilə nahar təşkil olunub. 
Ötən il dekabrın 29-da isə AZEDER 350 azərbaycanlı tələbəni “Sheraton” otelə dəvət edərək, Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər. Bu tədbiri də SOCAR-ın Türkiyə ofisi maliyyələşdirib.
Xaricdə təhsil almış tələbələrdən ibarət “Alumni Network”u yaradanlardan biri olan Emin Milli özü də xaricdə təhsil alıb. O deyir ki, dövlətin hesabına övladlarının nüfuzunu artırmaq Azərbaycandakı məmur-oliqarxlar arasında geniş yayılmış tendensiyadır.
“Tələbələrin əksəriyyəti başa düşmür ki, onlara verilən pullar və imkanlar dövlətin cibindən - büdcədən yayındırılaraq, Dövlət Neft Şirkətindən götürülür. Əgər bu pullar dövlət büdcəsi vasitəsilə tələbələrə yönəldilsəydi, o halda, tələbələr Rövnəq Abdullayevin oğluna yox, öz dövlətinə minnətdar olardı”, - deyə Emin Milli bildirir.
Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Londonda “Avropa Azərbaycanlıları Cəmiyyəti” adlı təşkilat yaradıb. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da Azərbaycan-Amerika Alyansının rəhbəridir. Hər iki təşkilat Azərbaycan hökumətinin lobbiçiliyi ilə məşğuldur. Onlar bu məqsədlə Qərb ölkələrindəki deputatlar və jurnalistlər üçün Azərbaycana pulsuz səfərlər təşkil edirlər.
“Lobbiçilik maliyyə tələb edir. Pul da ancaq oliqarxlardadır. Onlar kiminsə ehtiyacı olanda bir düyməni basmaqla məsələni həll edə bilirlər. Bu da uğurun açarıdır. Əgər siz bunu uğur adlandırmaq istəyirsinizsə...”, - deyə Emin Milli əlavə edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024