Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-10-2014, 21:14)
Su qıtlığı: fəlakətin astanasındayıq - ARAŞDIRMA

 

Çaylar, bulaqlar, kəhrizlər, artezianlar quruyur, mütəxəssislər isə mövcud su resurslarından düzgün istifadə edilmədiyindən narahatdırlar

Son illər Azərbaycanın bəzi bölgələrində müşahidə olunan su qıtlığı ötən yay özünü daha çox büruzə verdi. Bu problem xüsusilə şimal-qərb rayonlarında daha qabarıq görünür. Bu bölgədə hər tərəf - meşələr, dağlar, yamaclar susuzluqdan yanır. Kəhrizlər quruyub, artezianlarda suyun təzyiqi aşağı düşüb, çaylarda sular azalıb. Su çatışmazlığı şimal-qərb bölgəsində əkin-biçinlə məşğul olan əhalisini daha çox qayğılandırır. Yerli əhali və mütəxəssislər bu problemi Oğuz-Qəbələ-Bakı su kəmərinin fəsadı kimi izah edirlər.

Bəs əsl gerçəklik necədir: doğrudanmı, Oğuz və Qəbələ dağlarının təbii su ehtiyatının bir hissəsinin kəmər vasitəsilə Bakıya gətirilməsi bu bölgənin özünün susuz qalmasına gətirib çıxarır, yoxsa səbəb başqadır?

Suala müxtəlif cavablar var. Bir çoxları söyləyir ki, bu problem təkcə Oğuz-Qəbələ zonasında deyil, ölkənin əksər bölgələrində müşahidə edilir. Məsələn, Biləsuvar fermerləri bəyan edirlər ki, əkin sahələri susuzluqdan yanır, kəndlərdə içməli su belə tapılmır. Elə aidiyyəti qurumlar Araz çayında su sərfinin ildən-ilə aşağı düşdüyünü bəyan edir. Bir başqası isə analoji vəziyyətin cənub bölgəsində də yaşandığını söyləyərək, illər ötdükcə Azərbaycanda su qıtlığının fəlakətə çevrildiyinin anonsunu verir: “Lerik kimi dağlıq rayonda təbii bulaqlar quruyub. Masallı kəndlərində quyuların suyu çəkilib. Bu, nədirsə ümumi bəladır... Su resurslarından lazımi qaydada istifadə edilmir. Bunu magistral yolların ətrafında salınan və bol su ehtiyatı tələb edən bitkilərin suvarılmasından sezmək olur”.

Oğuz Haramı düzünə çevrilir

Oğuz rayonundan olan İlham Məmmədov adlı fermer əmindir ki, şimal-qərb regionunda su qıtlığının yaranmasının başlıca səbəbi Oğuz-Qəbələ-Bakı su kəməridir. Onun sözlərinə görə, bölgədə su çatışmazlığı problemli məhz 2011-ci ildən, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən sonra başlayıb: “Bu kəmərin çəkilməsindən sonra Oğuzda susuzluq fəlakət həddinə çatıb. Hazırda bu bölgədə susuzluqdan ən çox əziyyət çəkən Oğuz camaatıdır. Çünki Oğuz-Qəbələ-Bakı su kəmərinə vurulan suyun hamısı Oğuzun ərsindəki quyulardan gedir, Qəbələdən bu kəmərə bir damcı da su qarışmır. Bu kəmər üçün balaca bir ərazidə vurulan quyular isə Oğuzu artıq məhv etmək üzrədir. Bir tərəfdən təbii quraqlıq, bir tərəfdən də suyu kəmərə vurulan quyular. Artıq meşələr də quruyub, əkin sahələrini suvarmağa su tapmırıq. Kəsəsi, Oğuz susuzluqdan məhv olur, belə getsə, bir-iki ilə Oğuz Haramı düzünə çevriləcək”.

Ekspertlər isə bildirirlər ki, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin fəsadlarının olacağı gözlənilən idi. Çünki bu layihə hazırlanarkən su mənbələri və ehtiyatın hesablanması zamanı təbii qanunauyğunluqlar unudulub. Layihənin icrası zamanı isə çay suları toplanaraq, kəmərə vurulub. Bundan sonra yerli əhali həm içməli, həm də suvarma suyu üçün artezianlara üstünlük verdiyindən yeraltı suları çəkilir. Bu isə xırda çayların da qurumasına gətirib çıxarır.

Bununla belə son illər ölkədə su çatışmazlığı probleminin sürətlə böyüməsini iqlim dəyişmələri, qlobal istiləşmənin yaratdığı ümumi quraqlıqla əlaqələndirənlər daha çoxdur. Bildirilir ki, Balakən, Zaqatala, Qax və Şəkidə də suların azalması baş verib. Halbuki bu bölgənin Oğuz-Qəbələ-Bakı su kəməri ilə əlaqəsi yoxdur.

Hökumət səviyyəsində ciddi müzakirələr aparılmalıdır

Problemi daha çox qlobal iqlim dəyişmələri ilə izah edənlər bu il ölkədə müşahidə olunan quraqlığın əvvəlki illərlə müqayisədə daha sərt və uzun sürdüyünə diqqət çəkirlər. Su qıtlığın ölkənin bütün bölgələri üçün xarakterik olduğunu deyən mütəxəssislərin fikrincə, bu il problemin daha qabarıq görünməsinin əsas səbəbi ötən yayın həddindən artıq isti və quraq keçməsi olub. Belə ki, may ayından avqustun ortalarınadək yağıntıların az olması, bəzi bölgələrə ümumiyyətlə, 3-4 ay ərzində yağış yağmaması su qıtlığının əsas səbəbi kimi göstərilir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay deyir ki, son illər dünyada və Azərbaycanda müşahidə olunan qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına formalaşmasına təsiri böyükdür. Mövcud resurslardan düzgün istifadə olunmaması isə təbii qanunauyğunluqları pozur və nəticədə su çatışmazlığı ciddi problem həddinə çatır: “Ona görə də problemi təkcə iqlim dəyişikliyi, yaxud da təbii quraqlıqla əlaqələndirmək doğru olmaz. Bu məsələdə insan amili nəticəsində təbiət qanunlarının pozulması da mütləq nəzərə alınmalıdır. Çünki su ehtiyatları da tükənən sərvətdir, onu da neft və qaz resursları kimi səmərəli şəkildə istifadə etməyliyik”.

Konkret olaraq, Oğuz-Qəbələdə zonasındakı duruma gəlincə, burada su çatışmazlığı probleminin son bir neçə ildə yarandığı inkar olunmur. Bu bölgənin su mənbələrinə çıxışının həmişə digər rayonlardan çox olduğu da xüsusi vurğulanır. Ancaq Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən sonra illərlə fəaliyyətdə olan həmin mənbələr ya quruyub, ya da su ehtiyatı əhəmiyyətli dərəcədə azalıb. Bu səbəbdən həmin regionda su çatışmazlığı probleminin təhlükəli həddə çatmasını Oğuz-Qəbələ-Bakı su kəməri ilə əlaqələndirmək üçün ciddi arqumentlər var.

“Vəziyyət doğrudan da ağırlaşır”

Ekoloqlar da builki quraqlığın pik həddə çatması fonunda ölkədə su qıtlığının daha açıq formada özünü göstərməsini ekoloji fəlakətlər dövrünün başlanğıcı kimi qiymətləndirirlər. Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, artıq dünya üzrə lokal məkanlarda qlobal istiləşmənin fəsadları beynəlxalq səviyyədə narahatlıq doğurmağa başlayır. Çünki ekoloji fəlakət özlüyündə həm də ölkələrin iqtisadi təhlükəsizliyinə risklər yaradır. Bu isə bəşəriyyət üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Onun fikrincə, son illər Azərbaycanda və bütövlükdə Qafqazda su qıtlığının problemə çevrilməsi qlobal istiləşmənin təzahürüdür: “Düzdür, hazırda bütün bölgələrdə quraqlıq var. Amma dəqiq olanı odur ki, Oğuzda əsas problemlər Bakıya su kəmərinin çəkilməsindən sonra başladı. Əslində su qıtlığı Azərbaycanın əksər bölgələrində, xüsusən də dağlıq ərazilərdə daha çox müşahidə olunur. Gədəbəydə də vəziyyət pisdir, bulaqlarda, çaylarda su ildən-ilə azalır. Nəticədə ağaclar, otlaq sahələri quruyub, heyvanlar ot tapmır yeməyə. İnsanlar əkin sahələrini suvara bilmir. Eyni problemlər qonşu Qazaxda, digər rayonlarda da müşahidə olunur. Bəzi bölgələrdə isə artezian quyularında suyun səviyyəsi hətta 7-8 metr aşağı düşüb. Yəni vəziyyət doğrudan da ağırlaşır və artıq su çatışmazlığı qarşısıalınmaz problemə çevrilir. Ona görə də indidən qabaqlayıcı tədbirlər görülməlidir ki, bu bəladan itkilərimiz mümkün qədər az olsun”.

Yeri gəlmişkən, havaların isti keçməsi nəticəsində Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarı da quruyub. Bu isə ətraf ərazilərdə onlarla kənddə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb. Halbuki Pirsaat çayı üzərində yerləşən, daha çox yağış və dağ çaylarının suyu ilə qidalanan bu anbar vasitəsilə rayonun Pirsaat, Rəncbər, Qubalı-Baloğlan, Nəvahi və Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi suvarılırdı. 1964-cü ildə istifadəyə verilən, ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetr olan bu dəryaçada suyun səviyyəsinin azalması 2003-cü ilə təsadüf edib. 2010-cu ildən isə Pirsaatdakı dəryaça tamamilə qurumağa başlayıb.

Az yağıntı + yüksək temperatur + çox buxarlanma = quraqlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) hidrometeoroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev Azərbaycanın bölgələrində müşahidə olunan su qıtlığının bu il daha qabarıq görünməsini quraqlıqla əlaqələndirib. Baş hidroloq bildirir ki, ötən qış Azərbaycanın dağlıq ərazilərində qar ehtiyatı normadan xeyli aşağı olub. Onun sözlərinə görə, hələ mart ayında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərindən 4 istiqamətində aparılan ekspedisiya işlərinin nəticələri də dağlıq ərazilərdə, çayların hövzələrində toplanan qar örtüyünün normadan xeyli aşağı olduğunu təsdiqləyib. Həmçinin, ölkənin daimi gursulu çayları sayılan Kür, Araz və Qanıq çaylarının hövzələrində, o cümlədən, Türkiyə və Gürcüstan ərazilərində qar ehtiyatı normadan aşağı olub: “Bununla bağlı biz martın sonunda gursululuq dövründə gözlənilən sululuğa dair proqnozu açıqlamışdıq. Bu proqnozlarda göstərilirdi ki, ilin gursululuq dövründə çaylarda sululuq normadan aşağı olacaq. Həm qarın az olması, həm də yağan yağışın normadan aşağı olması, xüsusən də iyul-avqust aylarında yağıntının olmaması səbəbindən çaylarda sululuq xeyli aşağı düşmüşdü – həm respublikanın daxili çaylarında, həm də transsərhəd çaylarında. Hətta Böyük Qafqazın cənub yamaclarındakı çayların aşağı hissələrində quruma prosesi müşahidə olunub”.

Bununla belə Asif Verdiyev deyir ki, builki quraqlıq və dağlıq ərazilərdə müşahidə olunan su qıtlığı Azərbaycanda ilk hadisə deyil. Onun sözlərinə görə, 2002-ci ildə də Azərbaycanda quraqlıq dövrü kimi qeydə alınıb. Belə ki, həmin il də temperatur yüksək olub, hətta avqust ayında ölkə ərazisində yağıntı qeydə alınmayıb: “Belə proseslər əvvəlki illərdə də müşahidə olunub. Eyni proses bu il də özünü göstərdi”.

Son illər ölkədə müşahidə olunan quraqlıq fonunda Azərbaycanda su çatışmazlığı probleminin təhlükəli həddə çatması barədə səslənən fikirlərə gəlincə, baş hidroloq deyir ki, bu proseslər bir qayda olaraq iqlim dəyişmələrindən asılıdır. Onun sözlərinə görə, istər 2002-ci ildə, istərsə də ötən yay ölkənin bəzi bölgələrində hökm sürən quraqlıq və bunun fonunda müşahidə olunan su qıtlığı yağışın yağmamasından, yağış sularından qidalanan çayların qurumasından qaynaqlanır: “Amma bütün çaylarda quruma prosesinin getdiyini söyləmək də doğru deyil. Bizim monitorinq apardığımız çaylarda hər gün suyun səviyyəsi ölçülür, su həcmi müəyyən edilir. Quruma o çaylarda qeydə alınır ki, bilavasitə yağış sularından qidalanır. Ancaq gursulu çaylar – Kür, Araz və Qanıq çayında quruma prosesi müşahidə olunmayıb. Sadəcə havanın isti keçməsi, buxarlanmanın yüksək olması səbəbindən aşağı ərazilərdə quruma prosesi olub”.

AMEA-nın Coğrafiya İnstitutunun şöbəsinin müdiri Rəna Qaşqay da son illər çaylarda suyun səviyyəsinin azaldığını təsdiqləyir. Onun sözlərinə görə, Kiçik Qafqazın çaylarında - Gəncə-Qazax zonasındakı çaylarda, Türyançay, Girdimançay, Ağsu çayında, Qobustanın “Sumqayıtçay”, “Pirsaat” və digər çaylarında su qıtlığı daha çox müşahidə olunur. Nəticədə çayların aşağı axınlarda su azalır, hətta bəzən tamam quruyur. Bu isə səhralaşma prosesinin baş verməsinə təkan verir.

Bununla belə Rəna Qaşqay hesab edir ki, çaylarda suyun azalması yeni hadisə deyil. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çaylarda apardığı monitorinqin nəticələrinə əsaslanaraq deyir ki, Azərbaycanın bəzi çaylarında suyun azalması 25-30 ildir müşahidə olunur: “Nazirliyin apardığı monitorinqlər göstərir ki, daxili çaylarda suyun qıtlığı daha çox müşahidə edilir. Amma bunun səbəbi təkcə iqlimlə əlaqəli deyil. Həm də çayların yuxarı hissələrində sudan çox istifadə edirlər. Hətta bəzi bölgələrdə əkin sahələrinin suvarılması üçün kanallar, xırda arxlar çəkilər. Ona görə də çayların aşağı hissələrinə ya az su gəlir, ya da tamamilə quruyur”.

Hökumətə çağırış

Beləliklə, ölkədə müşahidə olunan su çatışmazlığı probleminin kökündə dayanan əsas səbəb iqlim prosesləri ilə birbaşa bağlıdır. Belə ki, dağlıq ərazilərdə yağıntının az olması, isti yay dövründə çaylarda buxarlanmanın yüksək olması quraqlığa, su ehtiyatlarının azalmasına gətirib çıxarır. Mütəxəssislər problemin daha da dərinləşməsinə mane olmaq üçün imkanların olduğu qənaətindədirlər. Bildirilir ki, vəziyyətdən çıxış üçün ilk növbədə problem ictimailəşməli, hökumət orqanları səviyyəsində ciddi müzakirə aparılmalıdır.

“Su çatışmazlığı Azərbaycanda kənd təsərrüfatının inkişafına ciddi əngəl yaradır. Halbuki ölkə əhalisinin 40 faizdən çoxu torpaqları əkib-becərməklə dolanır, öz gəlirlərinin ən mühüm hissəsini məhz bu sahədən qazanır. Bu, o deməkdir ki, əhalinin 40 faizdən çoxu kənd təsərrüfatı olmadan yaşaya bilməz. Kənd təsərrüfatı isə iki vacib resursdan – torpaq və sudan asılıdır. Yəni su çatışmazlığı problemi Azərbaycan üçün genişmiqyaslı məsələdir. Su qıtlığı kənd təsərrüfatını tam iflic vəziyyətə salar, keyfiyyətsiz su insan orqanizminə çox pis təsirlər edə bilər. Ona görə də həm ekoloqlar, həm də müvafiq hökumət strukturları məsələyə münasibət bildirməlidirlər. Xüsusilə də aidiyyəti qurumlar ölkədə su çatışmazlığının fəlakət gətirə biləcəyini nəzərə alaraq, təxirəsalınmaz təbirlər görməlidir. Çünki vəziyyət belə davam edərsə, bizi su müharibəsi də gözləyə bilər. Kənd yerlərində insanların su üstündə bir-birinin başını yardığını azmı görmüşük?” – deyə ekoloq Telman Zeynalov bildirir.

Elxan Salahov

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024