Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-01-2015, 22:30)
Nikahdankənar uşaqların taleyi

Ekspertlər hesab edirlər ki, mövcud problemin aradan qaldırılması üçün xüsusilə bölgələrdə ciddi marifləndirmə işlərinə ehtiyac var

2013-cü ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən (2014-cü ilin statistikası hələ açıqlanmayıb) doğulan uşaqların sayı 2012-ci ilə nisbətən 7,3 faiz azalıb.

“Həftə içi” xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2013-cü ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşlı qadınlar tərəfindən 20 283 uşaq doğulub. Onların 8300-ü şəhər, 11 983-ü kənd yerlərində doğulub. 15-29 yaşlı qadınlar tərəfindən uşaqların doğum halları ölkə üzrə daha çox Aran iqtisadi rayonun (4841), daha sonra Lənkəran iqtisadi rayonu (4457), Gəncə-Qazax iqtisadı rayonu (3439) payına düşür. Belə uşaqların 3166-sı Bakıda doğulub. Eyni zamanda, 2013-cü ildə Azərbaycanda 50 və yuxarı yaşda olan qadınlar tərəfindən dünyaya uşaq gətirilməsi halları da artıb. Ölkədə bu yaşda olan qadınlar tərəfindən 2013-cü ildə 46, 2012-ci ildə 42, 2011-ci ildə 24, 2010-cu ildə 32, 2009-cu ildə 11, 2008-ci ildə 17 uşaq dünyaya gəlib. 1995-ci ildə isə 50 və yuxarı yaşda olan qadınlar tərəfindən 6 uşaq doğulub. 50 və yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların çoxu şəhər yerlərinin payına düşür. 2013-cü ildə bu yaşlı qadınlar tərəfindən şəhər yerlərində 33, kənd yerlərində 13 uşaq dünyaya gəlib.

2013-cü ildə Azərbaycanda 15-17 yaşlı qadınlar tərəfindən 2855 uşaq dünyaya gətirilib. Onların 2630-u bu yaşlı qadınlar tərəfindən dünyaya gətirilən 1-ci, 212-si 2-ci, 12-si- 3-cü, 1-i 4-cü uşaq olub. 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların 889-u şəhər, 1966-sı kənd yerləri üzrədir.

Bəs, görəsən, ölkəmizdə nikahdankənar doğum hallarının aradan qaldırılması üçün hansı addımlar atıla bilər? Ümumiyyətlə, bu problemin tamamilə həlli mümkündürmü?

Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə bölüşən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, müstəqillik dövründə milli adət-ənənələrimizin xeyli zəifləməsi cəmiyyətdə bir sıra problemlər yaradıb. Onun sözlərinə görə, bunun nəticələrindən biri də rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayının xeyli artmasıdır: «Əslində bizə Avropa ölkələrindən keçən vətəndaş nikahı iki şəxsin öz istəyi ilə bir evi, eyni həyatı paylaşmasıdır. İki şəxsin öz istəkləri ilə bağladığı izdivacın qanunla rəsmiləşdirilməsinə isə rəsmi nikah sayılır. Amma avropa ölkələrindən öyrəndiyimiz bu ənənənin yanlış olması həmin ölkələr tərəfindən də təsdiqlənib. Biz həmin ölkələrdən olan sosioloqlarla fikir mübadiləsi aparkən bu qənaətə gəlirik. Avropada bu nikahlara keçməkdə məqsəd gənclərin adət-ənənə, mənəvi dəyərlərə marağının azalmasıdır. Çünki bu zaman gəncləri idarə etmək asanlaşır. Həmin gənclər siyasi fəallıq, öz hüquqlarını müdafiədən uzaqlaşırlar».

Təsadüfü ailələr cəmiyyət üçün təhlükədir

Ekspert bildirir ki, Azərbaycanda insanlar daha çox dəb xatirinə bu yola əl ata bilərlər. Əhməd Qəşəmoğlu hesab edir ki, Azərbaycanda insanlar daha çox orta yaş dövrlərində bu cür ailə həyatına meyl edirlər. Onun sözlərinə görə, gənclikdə normal ailə qurmağa inam olur: “Hazırda 30-40 yaş arasında ailə qura bilməyən qadınlar çoxdur. Bunun səbəbi isə həmin yaş qruplarında olan kişilərin iş, müxtəlif səbəblərdən xaricə getməsi, ikinci məsələ ailə saxlamaq üçün kişilərin maddi imkanın aşağı olmasıdır. Artıq qızlar da kasıb oğlanla ailə qurmaq istəmir. Bütün bunlar isə yaşlı qızların sayının artmasına səbəb olub. Sosial, psixoloji, fiziki cəhətdən ünsiyyətə, əks cinslə yaxınlığa böyük ehtiyac yaranır. Bu kimi şərtlər daxilində rəsmi nikaha imkan olmadığına görə, yaşlı qızlar münasib bildiyi şəxslə yaşamağa qərar verirlər. Bu zaman isə tərəflər çox zaman uşaq olmasını istəmir, nəticədə gərginlik yaranır. Beləliklə, həmin ailə qısa müddətdə dağılır”.

Vətəndaş nikahının rəsmi nikaha hazırlıq olması barədə səslənən fikirlərə də münasibətini açıqlayan sosioloq hesab edir ki, bu barədə fikir demək üçün ciddi araşdırmaya ehtiyac duyulur: “Bu məsələyə icazə verilsə, o zaman qeyri-rəsmi nikahlar kütləviləşə, bu da yeni problem yarada bilər. Bəlkə də, bu avropalıların psixologiyasına uyğundur, amma bizim cəmiyyət isə buna hazır deyil. Nikahsız yaşayanlar gələcəkdə ailə üçün məsuliyyətsiz olurlar. Bu cür yaşayış bir sıra xəstəliklərin də geniş yayılmasına səbəb olur. Ümumiyyətlə isə təsadüfi ailələr cəmiyyət üçün təhlükə yaradır. Bu ailələrdə doğulan uşaqların da taleyi təhlükə altında olur. Ana ilə küçədə, köməksiz qalmış uşaqların psixologiyasında ciddi travmalar yaranır. İstər Azərbaycan, istərsə də Qərb üçün bu ailələrin artması mənfi haldır. Bu ailə münasibətlərinin cılızlaşmasına gətirib çıxarır. Bu cür ailə quranların qarşı tərəfə qarşı məsuliyyəti də olmur. Onlar üç il biri ilə yaşayıb, sonra heç nə demədən onu tərk edə bilərlər”.

Nikahsız ailələrdə qadının hüquqi statusu müəyyən edilə bilmir

Mövzu ilə bağlı fikirlərini «Həftə içi»nç açıqlayan «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da deyir ki, dini və vətəndaş nikahları qadınlar və uşaqlar üçün böyük problemdir. Onun fikrincə, ilk növbədə qadının hüquqi statusu müəyyən edilə bilmir. Üstəlik, əmlak məsələsində də problem yaşanır: “Onlarınki sadəcə birgə yaşayışdır. Uşaqlar üçün vətəndaş nikahının zərərləri və təsirləri daha çoxdur. Vətəndaş nikahında olan şəxslərdə son zamanlar müşahidə edilən məsələlərdən biri odur ki, atalar atalıq faktorunu verməkdən boyun qaçırırlar. Eləcə də, bu hal qadının sənəd almasına mane olur. Nəticədə isə qadınlar milli mentalitetdən çəkinib uşağın atasının adını yazdırmaq və müəyyən ifadələrin söylənilməsindən uzaq olmaq üçün uzun müddət uşağa sənəd ala bilmirlər".

Mehriban Zeynalovanın onu da bildirir ki, sənəd almağa çəkinən analar başa düşmürlər ki, məhkəmə yolu ilə atalıq faktorunu müəyyən etmək mümkündür. O, təəssüflə deyir ki, analar bunu düşünmür və uşaqlar 7, 8, 10 yaşına qədər sənədsiz qalır. Onun sözlərinə görə, bunun kökündə də milli mentalitet durur: “Nəticədə ana kimə pislik etmiş olur? Təbii öz övladına. Uşaq sənədi olmadığına görə məktəbə, bağçaya gedə, tibb müəssisəsində kifayət qədər xidmət ala bilmir. Bundan əlavə, qadınların çoxu bilmir ki, atalıq faktorunu test yolu ilə müəyyən etmək də mümkündür. Bunu iki cür etmək olur: Bioloji və DNT yolu ilə. Bioloji testin qiyməti 90 manatdır. Əgər ata bu testi qəbul etməzsə, 2000 manatı özü ödəyib, atalıq faktorunun təsdiqi üçün məhkəməyə müraciət edə bilər. Təəssüf insanlar bunu bilmir və bu cür hüquqi savadsızlıq vətəndaş nikahında olanların uşaqlarının hüquqi statuslarının məhdudlaşdırmasına gətirib çıxarır. Eləcə də gələcəkdə uşağın vərəsəlik hüququ, qeydiyyat məsələsi və s. kimi problemlər üzə çıxır".

Mehriban Zeynalova bir çox ölkələrdə vətəndaş nikahının rəsmi nikah kimi qeydə alındığını da deyib. Məsələn, bir çox ölkələrin məişət zorakılığı ilə qanununda qeyd olunur ki, rəsmi, vətəndaş, dini nikah qəbul olunub. Yəni gələcəkdə qadın hər hansı zorakılığa məruz qalırsa, onların bərabər hüquqlu müraciət etmək imkanı olur: “Amma bizdə vətəndaş nikahında yaşayan qadınlar harasa müraciət edən zaman ona bir az qeyri-ciddi baxır, onları ailə kimi qiymətləndirmir, qadını ağılsız yüngül əxlaqlı kimi dəyərləndirirlər”.

Yeri gəlmişkən, rəsmi nikahlara dair statistikası göstərir ki, hər il Azərbaycanda təxminən 11-12 min boşanma qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2012-ci ilə nisbətən 7,3 faiz azalıb. Yəni, 2013-cü ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan 15-29 yaşlı qadınlar tərəfindən 20 283 uşaq doğulub. Onların da 8300-ü şəhər, 11 983-ü kənd yerlərində doğulub. Bu rəqəmlər əslində çox şeyi deyir. Düzdür, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azılıb. Amma rəqəmlər onu göstərir ki, bu problem kənd yerlərində daha qabarıqdır. Deməli, bununla bağlı bölgələrdə ciddi maarifləndirmə işlərinə ehtiyac var.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024